BAKI, 5 oktyabr. TELEQRAF
Azərbaycana məxsus 7 filiz, 39 qeyri-filiz yatağında Ermənistan tərəfindən qanunsuz istismar işləri aparılıb.
Teleqraf xəbər verir ki, bunu deputat Pərvanə Vəliyeva "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda keçirilən brifinqində deyib.
O bildirib ki, həmçinin, bütün növ yeraltı su ehtiyatlarından da qanunsuz istifadə edilib.
"Qlobal şirkət "Frank Muller" saatlarının istehsalçısı "Vallex Group" Ağdərədə "Qızılbulaq" qızıl-mis-kolçedan yatağını törəmə şirkəti "Base Metals" vasitəsilə faktiki olaraq tükənənədək, çox aqressiv şəkildə istismar edib. Bu yataq bitdikdən sonra isə Ağdərədəki "Dəmirbulaq" mis-porfir yatağına keçiblər.
Zəngilanda “Goldstar” şirkəti Vejnəli yatağından tonlarla qızıl çıxarıb. Çardaqlıda isə kömür hasil olunaraq İrəvandakı elektrik stansiyasının işləməsi üçün göndərirdilər. Daşımaları asanlaşdırmaq üçün Ağdərə- Basarkeçər yolu çəkilmişdi.
2009-2017-ci illərdə qanunsuz metal istismarından isveçrə qeydiyyatlı "Vallex Group" və "Base Metals" Valeriy Mejlumyan və Artur Mkrtumyan 177,5 milyon dollar mənfəət əldə edib. Onlar bununla qanunsuz işğalı maliyyələşdiriblər", - o vurğulayıb .