BAKI, 5 oktyabr. TELEQRAF
Dövlət İmtahan Mərkəzində (DİM) ilk IELTS imtahanı noyabrın 19-da mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək istəyən şəxslər noyabrın14-dək ilkin müraciət edə bilərlər.
"İlkin müraciət üçün hiperkeçiddən istifadə etmək lazımdır: IELTS imtahanında iştirak üçün ilkin müraciət forması
İlkin müraciət zamanı iştirakçıdan ad, soyad, əlaqə məlumatları və imtahanla bağlı zəruri məlumatların təqdim edilməsi tələb olunur. Müraciət qəbul edildikdən sonra iştirakçı üçün IELTS portalında müvafiq hesab yaradılacaq və ödənişin həyata keçirilməsi üçün hesaba giriş imkanı təqdim ediləcək.
IELTS imtahanında iştirak etmək üçün qeydiyyat və ödəniş prosesi IELTS portalı üzərindən həyata keçirilir. DİM yalnız rəsmi qediyyat mərkəzi (registration center) qismində çıxış edir.
Qeydiyyat prosesi və imtahanla bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, aprelin 10-da mərkəzlə “British Council” arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Dövlət İmtahan Mərkəzi artıq rəsmi IELTS qeydiyyat mərkəzi kimi fəaliyyətə başlayır.