BAKI, 18 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, ödənişlərin 738 milyon manatı 505 min nəfərə müavinət, 474 milyon manatı 405 min nəfərə Prezident təqaüdü, 102 milyon manatı isə 158 min nəfərə sosial sığorta hesabına müavinət kimi verilib.

Ödənilən vəsait ötən ilin eyni dövrü ilə müqayisədə müavinətlər üzrə 13 faiz, təqaüdlər üzrə 14 faiz, sosial sığorta hesabına müavinətlər üzrə isə 8 faiz artıb.

Bildirilib ki, cari ilin 7 ayında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən etibarən isə ümumilikdə 966 min müavinət və təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.