BAKI, 22 iyul. TELEQRAF

Hazırda ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması, medianın inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilir.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, bu gün milli mətbuatımız qlobal informasiya məkanına daha sıx inteqrasiya olunaraq müasir media mühitinin ayrılmaz tərkib hissəsinə çevrilib.

"Milli mətbuatımız keçdiyi uzun və şərəfli inkişaf yolunda müxtəlif ictimai-siyasi dövrlərin sınaqlarından uğurla çıxaraq bugünkü inkişaf mərhələsinə yüksəlib. Müasir informasiya məkanında baş verən sürətli dəyişikliklər media sahəsində də qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun media fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirərək vahid tənzimləmə çərçivəsi formalaşdırıb, sonrakı dəyişikliklər isə media mühitinin müasir çağırışlara uyğun inkişafına və peşəkar jurnalistikanın gücləndirilməsinə xidmət edib. Bu gün Azərbaycan mediası informasiya yayımı ilə yanaşı, milli maraqların qorunmasında və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır", - o vurğulayıb.