BAKI, 15 iyul. TELEQRAF
“ASAN xidmət” təkcə dövlət xidmətləri deyil, həm də özəl xidmətlərin göstərilə bildiyi bir vahid platformadır. Burada “ASAN xidmət” bir növ dövlət-özəl tərəfdaşlığının formalaşdığı bir platformadır. Vətəndaş dövlət xidməti almağa gəlir və eyni zamanda bank, sığorta, tərcümə və digər yardımçı xidmətlərə ehtiyacı varsa, onu da elə mərkəzdə ala bilir”.
Bu sözləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə müsahibəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ( "ASAN xidmət") sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, bu, vətəndaş məmnunluğu üçün əsas yaradan hallardan biridir:
"Çünki vətəndaş bir binaya daxil olmaqla məkanı dəyişmədən bir neçə problemini eyni anda həll edə bilir:
Növbəti 5 ildə xidmətlərin sayının artırılması, xidmət proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması nəzərdə tutulur. Süni intellekt həllərinin tətbiqi bizim növbəti illərdə hədəflədiyimiz əsas göstəricilərdir. Süni intellektin yaratdığı imkanları inkişaf etdirməklə vətəndaşlarımıza daha operativ xidmətin göstərilməsini nəzərdə tuturuq. 99% üzərində vətəndaş məmnunluğunun saxlanılması böyük bir məsuliyyətdir. Artıq bu səviyyəyə gəlib çatılıbsa, onu qoruyub saxlamaq lazımdır”.