BAKI, 15 iyul. TELEQRAF
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyəti çərçivəsində ahılların hüquqlarının təmini məsələsini diqqətdə saxlayır.
Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsmanın tapşırığı əsasında mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmələr həyata keçirilir.
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə həyata keçirilən növbəti başçəkmə zamanı müəssisənin yaşayış korpuslarına, inzibati, həmçinin yataq və tibb otaqlarına baxış keçirilib, saxlanma şəraiti, qidalanma, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Eyni zamanda, Ombudsmanın nümayəndələri tərəfindən müəssisənin sakinləri ilə görüşlər keçirilərək onların müvafiq müraciətləri qeydə alınıb, həmçinin Müvəkkilin səlahiyyətləri barədə ətraflı məlumatlar verilib.
Başçəkmə zamanı qidalanmanın təşkili, dərman preparatlarının saxlanılması və yararlılıq müddətinə riayət olunması, eləcə də müəssisənin bina və infrastrukturunun texniki vəziyyəti ilə bağlı əlavə tədbirlərin görülməsini zəruri edən məsələlər müəyyən edilib.
Həmçinin əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrin icrası vəziyyəti yerində yoxlanılıb, fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticələrinə əsaslanaraq müəyyən olunmuş bir sıra məsələlərin həlli istiqamətində ƏƏSMN-ə müraciət ediləcək.