BAKI, 23 may. TELEQRAF

Birinci Dünya müharibəsi dövründə 7 milyondan çox insan əsir düşmüşdü. Bu əsirlər arasında Azərbaycan xalqını ən çox düşündürən rus düşərgələrində saxlanılan Osmanlı zabit və əsgərləri idi. Çünki onların bir qismi Xəzərdəki Nargin adasında ən pis şərtlər altında tutulurdular. Həmin dövrdə Hacı Zeynəlabidin Tağıyevin qurduğu Cəmiyyəti-Xeyriyyə, eləcə də Möhtaclara Kömək kimi təşkilatlar şəhər əhalisini səfərbər edərək əsirlərə yardım göstərirdi. Bakının bəzi gəncləri isə təşkilatlanaraq adadakı əsirləri qaçırmağa da cəhd göstərirdilər.

Nargindəki əsirlər haqqında kifayət qədər yazılıb. Adadakı əsirlərdən birinin xatirələri çap olunub, eləcə də Osmanlı arxivləri və Azərbaycan dövrü mətbuatı əsasında bir sıra əsərlər ərsəyə gətirilib.

Bu yaxınlarda Türkiyədə isveçli qadın Elsa Brandströmün xatirələri türk dilində işıq üzü gördü. “Rusiya və Sibirdə əsirlər arasında. 1914-1920” adlı bu əsərdə həmin illərdə Qırmızı Xaç vasitəsilə rus əsir düşərgələrinə yardım aparmış Elsa xanımın müşahidələri və xatirələri yer alıb. Orijinalı 1921-ci ildə İsveç dilində yazılan əsər 1922-ci ildə almanca işıq üzü görüb. Türk dilinə isə Oğuzhan Ekinci çevirib.

Səfirin mələk qızı

Sibir mələyi ünvanını qazanan Elsa Brandström 1888-ci ildə Peterburqda Eduard və Anna Vilhelminanın ailəsində doğulub. Atası həmin vaxt İsveç səfirliyində hərbi attaşe olaraq çalışırdı. Üç yaşında ikən atasının İsveçdəki bir şəhərə təyinatından sonra ailəsiylə birgə vətəninə qayıdıb, orada təhsil alıb. Atası 1906-cı ildə bu dəfə Peterburqa səfir olaraq göndərilib. Lakin Elsa İsveçdə qalaraq 1906-1908-ci illərdə Stokholmdakı Anna Sandström ali müəllim məktəbində oxuyub, məzun olduqdan sonra ailəsinin yanına gedib.

I Dünya müharibəsi başladığı zaman tibb bacılığı sahəsində təlim keçərək müxtəlif hərbi xəstəxanalarda çalışıb. Bu dövrdə müharibədə iştirak etməyən İsveç və Danimarka kimi ölkələrin Qırmızı Xaç cəmiyyətlərinə qatılan Elsa Rusiyadakı müharibə əsirlərinə yardım etmək, əsir düşərgələrini kontrol etmək vəzifəsinə başlayıb. Bu məqsədlə o, 1915-1918-ci illərdə Peterburq-Vladivostok arasında üç dəfə uzun səyahətə çıxıb. 1915-ci ilin oktyabr ayında ilk səfərinə başlayıb, ABŞ, İsveç, Almaniya, Avstriya kimi ölkələrin yardımlarını İrkutskdakı əsirlərə çatdırıb. Sretensk əsir düşərgəsində tif xəstəliyinə yoluxan Elsa bir müddət İrkutskda müalicə alıb.

Bolşevik inqilabından sonra Rusiya düşərgələrindəki əsirlərin vəziyyəti tamamilə pisləşib. Buna görə də Elsa 1917-ci ildə ikinci dəfə Sibirə səfərə çıxıb, minlərlə əsirə köməklik göstərib. 1918-ci ildə isə üçüncü dəfə Sibirə gedib, 300 min əsirə yardım aparıb. Bu dövrdə ruslar onu casus damğası ilə həbs edib, yardım məhsullarını müsadirə ediblər. Elsa bu səfərində Krasnoyarsk əsir düşərgəsindəki Osmanlı əsirlərinə yardım göstərib.

Atasının xəstələndiyi barədə teleqram alan Elsa Sibiri tərk edib, Stokholma dönərkən bu dəfə Omsk şəhərində qısa müddət həbs edilib, nəhayət, 1920-ci ilin iyul ayında İsveçə qayıda bilib.

Xeyirxahlıq fəaliyyətini davam etdirən Elsa Almaniyaya yerləşib, Saksoniya əyalətinin Mittveida qəsəbəsində bir yer kirayələyərək orada müharibə əsirlərinə yardım etmək üçün sanatoriya yaradıb. 1923-cü ildə ABŞ-yə yola düşüb, oradan topladığı yardımla kimsəsiz uşaqlar, qazilər üçün vəqf yaradıb. 1929-cu ildə professor Robert Uliç ilə ailə həyatı qurub, Drezden şəhərinə yerləşib. 1932-ci ildə Brita adında qızları doğulub. Almaniyada nasistlərin iqtidara gəlməsindən sonra 1934-cü ildə ailə ABŞ-yə köç edib. Bu dəfə o, faşistlərin zülmündən qaçan alman mühacirlərə yardım edib. Vətəni İsveç daxil olmaqla bir neçə ölkədə mühazirələr oxuyan Elsa SSRİ-Finlandiya müharibəsi səbəbindən qaçqın vəziyyətinə düşən findlandlara da yardım edib. Mühazirələrindən əldə etdiyi gəlirləri Uşaqları Xilasetmə Cəmiyyətinə bağışlayıb.

Elsa əsir düşərgələrində göstərdiyi fəaliyyətlərinə görə 1923-cü ildə Nobelə layiq görülən 30 nəfərlik siyahıda yer alıb. Lakin həmin il Nobel mükafatı baş tutmayıb. Amma bir neçə universitetin fəxri doktorluq ünvanına layiq görülən Elsaya İsveç dövləti Serafim ordenini verib. Türk əsirlərə yardımına görə Osmanlı dövləti də ona Hilali-əhmər Cəmiyyətinin gümüş medalını təqdim edib.

Elsa Brandström 1948-ci ildə Bostonda xərçəng xəstəliyindən vəfat edib, nəşi İsveçə gətirilərək vətənində dəfn olunub.

“Ada beş günə qədər susuz qalırdı”

Elsa xanım əsərində Rusiyadakı əsir düşərgələri haqqında önəmli məlumatlar verib, dövrün ictimai-siyasi məsələləri konteksində əsirlərin vəziyyətini göstərib. O, bir çox düşərgələrdəki əsirlərin mənəvi-psixoloji hallarına qədər məsələyə detallı şəkildə yanaşıb. Kitabındakı kiçik bir bölüm isə müharibə əsirlərinin saxlanıldığı Nargin adası haqqındadır. Həmin hissəni təqdim edirik:

“Nargin.

Murmandakı sürgünlərin bir hissəsi Xəzər dənizində, Bakıdan 12 km uzaqlıqda yerləşən Nargin adasına aparılmışdı. Nargin adası təxminən 2,5 x 0,5 km ölçülərində qayalıq bir adadır. Nargindəki mövcud şərait bir çox cəhətdən Murman dəmir yolundakı vəziyyətlə oxşarlıq təşkil edirdi. Hələ müharibənin başlanğıcında türk mülki şəxsləri və hərbi əsirləri bura yerləşdirilmişdi. Zaman-zaman xarici aləmlə heç bir əlaqəsi olmayan Nargində 5000-ə yaxın əsir həyatda qalma mübarizəsi aparırdı. Adada şirin su mənbəyi yox idi. Xəzər dənizinin duzlu suyu içmək üçün yararsız olduğundan və davamlı yanacaq çatışmazlığı səbəbindən su təmizləyici qurğudan nadir hallarda istifadə edilirdi. Bu səbəbdən içməli suyun qurudan kiçik qayıqlarla gətirilməsi zərurəti yaranırdı ki, bu da şiddətli fırtınalar zamanı qeyri-mümkün olurdu. Belə dövrlərdə ada beş günə qədər susuz qalırdı.

Sığınacaq kimi parazitlərlə qaynayan bərbad kazarmalardan istifadə olunurdu. Ruslar türklərin həbs olunduğu digər yerlərdə olduğu kimi burada da dözülməz bir laqeydlik və özbaşınalıq nümayiş etdirirdilər. Komandanlıq heyəti əsirlərə məxsus olan, demək olar ki, hər şeyi mənimsəyirdi. Adada mövcud olan çoxsaylı ilanlar aclıqdan ölmək həddində olan insanlar tərəfindən qida kimi istifadə olunurdu. Əsirlərin əksəriyyəti aclıq və ya qeyri-kafi qidalanma və antisanitariyadan qaynaqlanan xəstəliklər nəticəsində həlak olurdu. Ölüm göstəriciləri, təbii olaraq, zaman keçdikcə dalğalı bir dinamika nümayiş etdirmişdir: 2,5 ay ərzində 400 nəfərdən 85-i, 3 ay ərzində 4 000 nəfərdən 1 600-ü və 6 ay ərzində 3 000 nəfərdən 2 110-u həyatını itirmişdi”.

Dilqəm ƏHMƏD