BAKI, 10 iyul. TELEQRAF

“İstanbul Hospital” Tibb Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib.

Teleqraf-ın xəbərinə görə, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi tərəfindən MMC-də yoxlama aparılıb və tibb mərkəzində əmək qanunvericiliyi qaydalarını pozması faktı aşkar edilib.

Məlum olub ki, mərkəzin həkim-dermatoloqlarından biri mərkəzə müraciət edən Yusif Hüseynovu qəbul edib və o, ötən il həmin həkim tərəfindən “İstanbul Hospital” Tibb Mərkəzində əməliyyat edilib.

Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən MMC ilə xəstəni əməliyyat edən həkim arasında əmək müqaviləsinin qeyd edilən tarixdə olmadığı üzə çıxıb.

Həkim tibb müəssisəsində dermatoloq kimi fəaliyyət göstərib, amma həmin dövrdə əmək müqaviləsi mövcud olsa da, müqavilə hüquqi qüvvəsində olmayıb. Həmin həkimin MMC ilə əmək müqaviləsi qanuni qüvvəsini almadan xəstə üzərində “xırda əməliyyat” edib, elektro koadilyasiya edərək sarğı qoyub.

İş üzrə şahid qismində dindirilən sözügedən hakim bildirib ki, Yusif Hüseynəliyev “İstanbul Hospital”a genital nahiyəsində xəstəliklə bağlı müraciət edib: “Analizlər verilib və onda koadilyasiya görülüb. Xırda əməliyyat aparılaraq xəstəyə sarğı qoyuldu və xəstə razı vəziyyətdə evə yola salındı. Bu elektro koadilyasiya “İstanbul Hospital”da aparıldı. Mən təxminən 2015-ci ildən həmin klinikada dermatoloq kimi xidmət göstərirəm və sertifikasiyadan mütləq keçəcəm. Əməliyyat uğurlu keçib və bütün popilomalar çıxarılıb. Xəstə məndən telefonla pulunu istədi və mən də onun kartına 100 manat atmışam”.

Klinikanın barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə ittiham elan edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə MMC 20 min manat cərimə edilib.

Qeyd edək ki, “İstanbul Hospital” Tibb Mərkəzinin qanuni təmsilçisi, direktoru Əhməd Quliyev Əli oğludur. MMC Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 13A, Məhəllə 510, mənzil 16 ünvanında qeydiyyatdadır.