BAKI, 14 aprel. TELEQRAF
Daha öncə məlumat verildiyi kimi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinli həmkarının dəvəti əsasında Çin Xalq Respublikasının Şanxay şəhərində səfərdədir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, bu çərçivədə Kamran Əliyevlə Çində işgüzar səfərdə olan İsveçrə Konfederasiyasının Baş prokuroru Stefan Blattle arasında ikitərəfli görüş keçirilib.
Bakı şəhərinə əvvəlki səfərini xüsusi məmnuniyyətlə xatırlayan cənab Blattle göstərilmiş yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, müşahidə etdiyi müsbət tendensiyaları vurğulayaraq ölkəmizin sürətli inkişafının, cinayətkarlığa qarşı uğurlu mübarizə siyasəti nəticəsində kriminogen vəziyyətin nəzarət altında olmasının və təhlükəsizliyin yüksək səviyyədə olmasının şahidi olduğunu qeyd edib. O, həmçinin bildirib ki, beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olan Azərbaycan sülh və sabit əməkdaşlıq platformasına çevrilib, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edib.
Öz növbəsində Kamran Əliyev qeyd edib ki, qloballaşan dünyada transmilli cinayətkarlıq da ölkələrin sərhədlərini aşır. Bu baxımdan ölkələrimizin prokurorluq orqanları arasında birbaşa dialoq kanallarının olması vacibdir. Bununla yanaşı, o, prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin sıxlaşmasının hüquq sistemlərinin yaxınlaşması və təcrübi məsələlərin operativ həllinə töhfə verəcəyinə inamını ifadə edib.
Daha sonra görüşdə prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin hüquqi bazasının genişləndirilməsi, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət törətmiş şəxslərin verilməsi məsələlərinin praktiki məqamları müzakirə edilib.