BAKI, 14 aprel. TELEQRAF
Hazırda Əfqanıstanda 2.5 milyon qadın təhsil hüququndan məhrumdur, bu dəhşətlidir.
Teleqraf xəbər verir ki, bunu Women and Children Research and Advocacy Network təşkilatının baş icraçı direktoru Zarqa Yaftalı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları” və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzusunda panel müzakirələrində deyib.
O bildirib ki, Əfqanıstanda ümumilikdə 16 milyon qadın var və onlar bütün bunlara baxmayaraq dayanıqlı olmağa davam edəcəklər.
"Əfqanıstanda baş verən hadisələr bütün regiona təsir edəcək. Qadınlarsız və bərabərlik olmadan inkişafdan söhbət gedə bilməz. Əfqanıstandakı qadınların dəstəyə ehtiyacı var. Hazırda Əfqanıstandakı yanaşmanı virtual yanaşmaya çevirmişik. Onlar üçün onlayn təhsil sistemi mövcuddur. Onlar təhsil almaq istəyirlər. Onların bacarıqlarını artırmaq üçün platformalar yaradılıb", - o vurğulayıb.