BAKI, 10 aprel. TELEQRAF
Azərbaycanda arılarda xəstəlik yayılması ilə bağlı iddialara aydınlıq gətirilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Özbəkistandan idxal edilən arı ailələri İsmayıllı rayonunun ərazisində karantinə yerləşdirilib.
Karantin müddətində arı ailələrindən nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilib və xəstəliyə şübhəli hal aşkar edilməyib.
"Arıların sağlamlıq vəziyyətinin qorunması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.
Bitkilərin çiçəkləmə dövründə arı ailələrinin köçürülməsi zamanı karantin qaydalarına ciddi riayət olunmalı, arıxanalar arasında təxminən 5 km məsafə saxlanılmalı və yeni ərazilərə köçürülmə zamanı müəyyən müddət izolyasiya təmin edilməlidir. Həmçinin ana arı yetişdiriciliyi tam təcrid olunmuş ərazilərdə aparılmalı və bu ərazilərdə 3 km radiusda digər ana arı təsərrüfatı olmamalıdır. Arıçılar arıxanalarda xəstəlik halları ilə bağlı yerli baytarlıq xidməti idarələrinə, eləcə də agentliyin regional bölməsinə və ya 1003 qaynar xəttinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.