BAKI, 8 aprel. TELEQRAF

"Bu gün dünyada plastik cərrahiyyə trenddir. Azərbaycanda da bu əməliyyatlara istək çoxalıb".

Teleqraf xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayım zamanı klinikanın fəaliyyətindən danışarkən deyib.

O bildirib ki, bu səbəbdən klinikanın yaranmasına ehtiyac olub.

“Plastik cərrahiyyə dedikdə rekonstruktiv və estetik əməliyyatlar nəzərdə tutulur. Keyfiyyətli və əlçatan xidmət, pasiyentlərin yanında olmaq üçün buna ehtiyac var. Effektiv cərrahi müdaxilənin edilməsi üçün bir mərkəzin olması şərtdir. Birlikdə qərarların verilməsi əsas nüansların verilməsi vacibdir. Buna görə də ortaq qərarlarla cərrahi müdaxilə edilməsi önəmlidir. Bu mərkəz həm tədris, həm də elm mərkəzidir”, - həkim vurğulayıb.

O bildirib ki, yanıqlar və yanıq sonrası yaranan funksiya yetərsizliyini aradan qaldırmaq üçün edilən əməliyyatlar rekonstruktiv əməliyyatlardır. Həmçinin anadangəlmə qüsurlar, anomaliyalar, müəyyən patologiyalar və s. də bu əməliyyatlara aiddir.

"Çoxbarmaqlılıq, bitişik barmaqlar, barmaqların olmaması, dovşandodaqlıq, qurdağızlıq, üz yarıqları, doğuşdan qulaqda qüsur olması, hər hansı qəza nəticəsində hər hansı üzvün itirilməsi, sınması və digər... Məsələn, itirilən üzv bərpa edilir.
Bunların hər biri sığortaya daxildir. Amma rinoplastika, estetik əməliyyatlar sığortaya aid deyil. Əgər çəpər əyriliyi, burun problemi sağlamlığa təsir edərsə, məsələn, ürəyə ziyan edərsə, bu halda sığortaya aid ola bilər".