BAKI, 31 mart. TELEQRAF

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev martın 31-də vətəndaş qəbulu çərçivəsində Xankəndi şəhərinə səfər edib.

Teleqraf xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında məskunlaşdırılan sakinlərlə görüşən Komitə sədri vətəndaşların torpaq və digər daşınmaz əmlak üzərində hüquqları, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi, eləcə də tikinti və istismara icazə prosedurları ilə bağlı müraciətlərini dinləyib, aidiyyəti üzrə göstərişlər verib.

Qəbul zamanı həmçinin Komitə tərəfindən istifadəyə verilmiş elektron icazə sistemi (e-tikinti.gov.az) barədə ətraflı məlumat verilib, bu sahədə şəffaflığın və operativliyin artırılmasında portalın üstünlükləri diqqətə çatdırılıb.