Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin bazasında fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə "Qazaxıstan və Azərbaycan: Strateji tərəfdaşlıq və nəqliyyat əlaqələri" mövzusunda beynəlxalq elmi seminar təşkil olunub.
Azərbaycan Mərkəzinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, tədbirdə hər iki ölkənin alimləri, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Seminarda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhlizin) inkişafı müzakirə olunub. Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov Xəzər dənizinin Avrasiyanın yeni geo-iqtisadi reallığını formalaşdıran birləşdirici körpü kimi əhəmiyyətini vurğulayıb.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Eldar Cəfərov və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rauf Həsənov Aktau, Kurık və Ələt limanlarının infrastruktur simbiozu perspektivlərinə toxunublar.
İştirakçılar Orta Dəhlizin səmərəli fəaliyyəti üçün hüquqi bazanın uyğunlaşdırılması və iki ölkənin elmi-təhsil inteqrasiyasının zəruriliyi barədə həmfikir olduqlarını bildiriblər.