BAKI, 24 fevral. TELEQRAF

Amnistiya aktı ilə cəzaları 6 ay azaldılan şəxslərin sayı 1537 nəfərdir.

Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda deyib.

O bildirib ki, az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin sayı 1371 nəfər olub.

"166 nəfər ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslərdir", - o əlavə edib.

O həmçinin qeyd edib ki, 878 nəfər şərti cəzadan azad edilib: "Onlardan 826 nəfəri azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlar, 52 nəfəri isə digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlardır".