BAKI, 25 fevral. TELEQRAF
2025-ci il ərzində “HALAL” uyğunluq sertifikatının əldə olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) ümumilikdə 12 müəssisə tərəfindən müraciət daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTİ-dən məlumat verilib.
Bildirilib ki, ötən il “HALAL” uyğunluq sertifikatı verilmiş müəssisələr əsasən qida istehsalı və emalı sahəsində fəaliyyət göstərir.
“O cümlədən ət və ət məhsullarının emalı, süd və süd məhsullarının istehsalı, eləcə də digər qida məhsullarının hazırlanması istiqamətində fəaliyyət həyata keçirilib. Qiymətləndirmə zamanı müəyyən edilən uyğunsuzluqların hamısı vaxtında aradan qaldırılıb və sertifikatların qüvvədə qalması təmin olunub.
Ötən il üzrə aparılan qiymətləndirmələrin nəticələri Sertifikasiya şöbəsində fəaliyyət göstərən müstəqil Sertifikatlaşdırma Komitəsinə təqdim olunur. Nəticələrə əsasən, ötən il “HALAL” uyğunluq sertifikatı verilmiş müəssisələr arasında hər hansı sertifikatın etibarsız hesab edilməsi halları qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” orqanına 2025-2026-cı illər ərzində "HALAL" uyğunluq sertifikatının əldə edilməsi məqsədilə ümumilikdə 5 müəssisə tərəfindən müraciət olunub.
Bildirilib ki, uyğunluğu qiymətləndirilmiş 2 müəssisəyə müvafiq sertifikat təqdim edilib.
“Sertifikat verilmiş müəssisələr kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də ət və ət məhsullarının hazırlanması və emalı sahələrində fəaliyyət göstərirlər.
Digər 3 müraciət üzrə isə qiymətləndirmə hazırda davam etdirilir. Həmin müəssisələr qida məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və aqrar məhsulların satışı, eləcə də ictimai iaşə və şirniyyat məhsullarının hazırlanması sahələrində fəaliyyət göstərirlər”, - məlumatda qeyd olunub.
"HALAL" uyğunluq sertifikatının yalnız müvafiq standartların və normativ sənədlərin tələblərinə uyğun aparılan qiymətləndirmə prosedurunun müsbət nəticəsi əsasında təqdim olunduğu bildirilib.