BAKI, 23 fevral. TELEQRAF

"Uşaqlarda anemiya çox vaxt incə əlamətlərlə başlayır və bəzən valideynlər bunu “uşaq zəifdir, iştahası yoxdur, böyüyəndə düzələr” kimi qiymətləndirə bilər".

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Vüqar Şirinov nazirliyə müsahibəsində deyib.

O bildirib ki, uşaqlıq dövrü sürətli böyümə və inkişaf dövrü olduğundan dəmir, vitaminlər və ümumi qidalanma balansı çox önəmlidir.

"Anemiya uşağın həm fiziki inkişafına, həm də zehni fəaliyyətinə təsir göstərə bilər. Uşaqlarda anemiyanın ən çox rast gəlinən əlamətlərindən biri solğunluqdur, amma solğunluq hər zaman açıq görünməyə də bilər. Tez yorulma, oynayanda tez təngnəfəs qalma, enerjisizlik, diqqətin dağılması, əsəbilik, yuxuya meylin artması kimi şikayətlər ön plana çıxa bilər.

Məktəb yaşlı uşaqlarda dərsə konsentrasiyanın azalması, yaddaş və öyrənmə sürətinin zəifləməsi, performansın aşağı düşməsi kimi problemlər yarana bilər. Bəzən baş ağrısı, başgicəllənmə, ürəkdöyünmə kimi şikayətlər də olur”, - o vurğulayıb.

V. Şirinov deyib ki, uşaqlarda anemiyanın idarə olunmasında əsas məqam “dəmir verib, bitdi” yanaşması deyil, səbəbi anlamaqdır:

“Uşağın qidalanması, böyümə sürəti, əlavə xəstəlikləri, parazit riski, ailəvi qan xəstəlikləri ehtimalı kimi faktorlar birlikdə qiymətləndirilməlidir. Çünki bəzən anemiyanın arxasında talassemiya daşıyıcılığı kimi irsi faktorlar da ola bilər və bu halda müalicə yanaşması tamam fərqli olur. Bu səbəbdən uşaqlarda anemiya şübhəsi yarandıqda mütləq laborator müayinələr və pediatr nəzarəti ilə düzgün plan qurmaq daha təhlükəsizdir”.