BAKI, 22 fevral. TELEQRAF

İtaliyanın Baş naziri Corcia Meloni və Fransa Prezidenti Emmanuel Makron aprelin əvvəlində Tuluza şəhərində keçirilməsi planlaşdırılan Fransa-İtaliya sammitini təxirə salıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri fransız diplomata istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, rəsmi Roma görüşün iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək "Böyük Yeddilər" (G7) sammitindən sonraya saxlanılmasını xahiş edib. Nəşr iddia edir ki, bu qərar Meloni və Makron arasında son vaxtlar yaranan fikir ayrılıqları ilə əlaqədar deyil. Tuluzadakı sammit 2020-ci ildən bəri bu səviyyədə ilk görüş olmalı və Paris ilə Roma arasında əməkdaşlığın gücləndiyini nümayiş etdirməli idi.

Qeyd edək ki, C.Meloni 2022-ci ilin payızında Baş nazir postunu tutduqdan dərhal sonra E.Makronu Romaya qeyri-rəsmi görüşə dəvət etmişdi. Buna baxmayaraq, iki liderin münasibətləri həmişə "qeyri-sabit" olub. Belə ki, həmin görüşdən cəmi bir neçə gün sonra tərəflər arasında miqrasiya mövzusunda ilk ciddi toqquşma baş vermişdi.