BAKI, 20 fevral. TELEQRAF

Hərbi xidmətə yararlı olmadığı halda 18 yaşlı çağırışçı barədə müsbət rəy verən Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin 1962-ci il təvəllüdlü həkim-ümumi cərrahının məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Bərdə Rayon Məhkəməsində keçirilən prosesdə Cavid Tağıyev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham olunub.

Məlum olub ki, 2024-cü ilin aprel çağırışı zamanı Cavid Tağıyev həkim-cərrah olaraq hərbi-həkim komissiyasının üzvü təyin edilib. O, həmin vəzifədə xidmət edərkən hər iki ayağın boylama yastıayaqlılığı xəstəliyindən əziyyət çəkən, 2006-cı il təvəllüdlü şəxsi müayinə edən zaman onu rentgen aparından keçirməyib.

Həkim 18 yaşlı gənci həmin xəstəlik üzrə müayinəyə cəlb edilməsini təmin etməyərək çağırışçının hərbi xidmətə yararlı olmasına dair tibbi rəy tərtib edib.

Nəticədə həmin rəy əsasında zərərçəkmiş şəxs qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Bir müddət sonra isə əsgər böyrək nahiyəsində olan ağrılar səbəbindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilib.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasının hərbi həkim komissiyası isə əsgərin hər iki ayağında yastıayaqlığı aşkarlayıb, onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edib. Nəticədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimin səhlənkarlığı ucbatından 9 ay hərbi xidmətdə olan gənc ordudan tərxis edilib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, 63 yaşı olduğunu, səhvini başa düşdüyünü, əməlindən peşman olduğunu dilə gətirib.

“Konstitusiya və Suverenlik İli” münasibətilə təqsirləndirilən şəxs barəsində amnistiya elan edilib və o, cinayət məsuliyyətindən azad olunub.