BAKI, 20 fevral. TELEQRAF
"2025-ci ildə Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin əleyhinə qəbul olan qərarlar 84 faiz azalıb.Sosial müdafiə sahəsi üzrə Ali məhkəmədə baxılan inzibati işlərdə azalma müşahidə olunub".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Əmək və Əhalinin Sosial Müdafiə nazirin müavini Rəşad Mustafayev deyib.
O qeyd edib ki, son illər biz məhkəmə hakimiyyəti ilə daha sıx əməkdaşlıq mərhələsinə keçiblər: "Biz artıq bəzi məsələlər üzrə məhkəməyə getmədən qərarlar qəbul edə bilirik. Nəticədə qərarlar daha çevik qəbul olunur və məhkəmə işlərinin sayı azalır. Bizim üçün əsas olan işlərin sayı deyil, vətəndaşın probleminin qısa müddətdə həll edilməsidir. Bizim nazirlik üzrə Ali Məhkəmədə 2024-cü ildə 1434, 2025-ci ildə isə öncəki ilin statistikasına nisbətən 13 faiz daha az işə baxılıb. Məsələn əlilliyin ləğv edilməsi artıq qanuna uyğun olaraq inzibati qaydada həll edilir və məhkəmənin bizim əleyhimizə qərar verməsinin qarşısı alınır".
Nazir müavininin sözlərinə görə, sosial müdafiə sahəsi hər gün minlərlə insanın həyatına birbaşa təsir edir: "Nazirlik üçün əsas meyar işlərin çoxluğu yox, həll olunan mübahisələrin sayıdır. 2025-ci ildə nazirliyin əleyhinə qəbul olunan məhkəmə qərarları 84 faiz azalıb. Eyni zamanda, məhkəmə qətnaməsinə əsasən, ödənilən maliyyə miqdarı ötən il 7.2 milyon manat olub ki, bu da 86 faiz azalma deməkdir. 116 iş isə məhkəmədən kənar vətəndaşın xeyrinə həll olunub. Məhkəmədə 14 işin baxılması mümkünsüz hesab edilib" .
Rəşad Mustafayev deyib ki, ölən şəxsin həyat yoldaşı məlumat vermədən pensiya vəsaitini alırsa, məhkəmə qərarı ilə həmin mənimsənilmiş məbləğ geri ödənilir: "Rəqəmsallaşma inkişaf etdikcə belə problemlərlə rastlaşmayacağıq".