BAKI, 31 yanvar. TELEQRAF
"Son 8 ildə vəkillərin sayı 3 dəfədən çox artıb".
Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Prezidentin "Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsi, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sədrin sözlərinə görə, vəkilliyə test üsulu ilə qəbul 2004-cü ildən tətbiq olunur və 2004–2018-ci illər ərzində, yəni 14 il ərzində cəmi 5 yazılı test imtahanı keçirilib.
A.Bağırov qeyd edib ki, son 3 il ərzində 6 yazılı test imtahanı keçirilib, ümumilikdə isə son 8 il ərzində bu imtahanların sayı 16-ya çatıb.
O bildirib ki, bu 16 imtahanda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkədə vəkillərin sayı 3 dəfədən çox artaraq 2 825-ə çatıb.
O deyib ki, qeyd olunan vəkillərdən 2 706 nəfəri aktiv vəkillik fəaliyyəti ilə məşğuldur, 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 vəkil isə dövlət qulluğundadır.