Ötən il övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i qız, 78-i isə oğlandır.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb.
Sədrin sözlərinə görə, 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib:
"Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub.
2025-ci il ərzində Agentlik həmçinin uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də davamlı işlər həyata keçirib. Belə ki, Qeytkipinq prosesi çərçivəsində 975 uşaq üçün Fərdi İnkişaf Planı hazırlanıb. İl ərzində daxil olmuş müraciətlər əsasında 296 uşağın müəssisəyə yerləşdirilməsinə, 275 uşağın ailə himayəsində saxlanmasına dair qərar verilib".
O həmçinin qeyd edib ki, 176 valideyn himayəsindən məhrum olmuş uşaq müəssisələrdən ailə himayəsinə qaytarılıb.
Həmçinin bildirilib ki, bu il 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.
"Bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır. Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Eyni zamanda 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır", - sədr əlavə edib