BAKI, 25 dekabr. TELEQRAF
Ötənlərdə İstanbulda auksionların birindən 5 aprel 1950-ci ildə doldurulmuş bir ərizə sənədini əldə etdim. Cümhuriyyət Xalq Partiyasına yazılan bu ərizənin müəllifi millət vəkilliyinə namizədliyinin irəli sürülməsini xahiş edən Veyis Koçulu adlı şəxsdi. Ərizədə doğum yerinin Tiflis şəhərinin yazılması bu şəxsin azərbaycanlı ola biləcəyi ehtimalını qüvvətləndirirdi. Digər tərəfdən həmyerlilərimizin yaşadığı Qars şəhərindən namizəd olması da buraya köçən bir ailəyə mənsub olduğunu göstərirdi. Borçalı mahalında Qoçulu kəndinin də olduğunu nəzərə alanda bu şəxsin tarixi Azərbaycan yurdundan Türkiyəyə mühacirət etdiyi şübhə oyatmırdı.
Sənəddə Veyis Koçulu doğum tarixini 1307 (miladi 1891) olaraq göstərib. Atasının adı Abbas, anasının adı Huriyyədir. Mövcud işi xanasının qarşısına “tüccar” yazılıb. Rus gimnaziyasından məzun olduğu, Milli Təhsil Nazirliyinin diplomunu tanıdığı qeyd edilib. Qarsın Ortaqapı məhəlləsinin Qazi Muxtar paşa küçəsində yaşadığı bildirilib. 1928-ci ildə CXP-yə üzv olan Koçulu 1930-1936-cı illərdə partiyanın Qars şöbəsinin Çakmak bucağının sədri olub. Eləcə də CXP-nin dörd böyük qurultayında iştirak edib, Qars şöbəsinin idarə heyətində təmsil olunub. Sənəddə namizədin şəkli də verilib.

Türkiyə Böyük Millət Məclisi albomundakı bilgilərə görə Koçulunun atasının adı Molla Abbas, anasının adı Hürü olub. Buradan atasının din xadimi olduğunu görürük. Rusca bildiyi, 7 övladının olduğu bildirilib. Dr. İlyas Topçu Koçulu ailəsinin 1921-ci ildə Qarsa yerləşdiklərini yazıb. Görünür, Gürcüstanın bolşevikləşməsindən sonra bir çox ailə kimi onlar da çarəni mühacirətdə görüblər. Veyis bəy Ərdəhan vilayətinin Göle rayonu, Küçükboğatəpə kəndi üzrə əhali qeydiyyatında olub. Ailə Qarsda ikən heyvandarlıq, südçülük və pendirçilik fəaliyyəti ilə məşğul olub.
Veyis Koçulunun parlament fəaliyyəti
Koçulunun ərizəsi müsbət qəbul edilib və o, 14 may 1950-ci il seçkilərində 70.847 səs toplayaraq IX çağırış Qars CXP millət vəkili seçilib. Seçki protokolunu 17 may 1950-ci ildə alıb, 22 may 1950-ci ildə Türkiyə Böyük Millət Məclisinə daxil olub. IX çağırış dövründə Bayındırlıq Nazirliyi, Karayolları Baş İdarəsinin 1953-cü il büdcəsi, habelə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət İstehsal Təsərrüfatları Baş İdarəsi və Meşə Baş İdarəsinin 1952-ci il büdcələri ilə bağlı məsələlərin müzakirəsi zamanı iki dəfə söz alıb.
1950-ci il seçkiləri CXP tarixinin ən ağrılı dövrüdür. Daha böyük səs qazanan Demokrat Partiya iqtidara gəlmiş, 10 illik Adnan Menderes dönəmi başlamışdı. Lakin nə 1946, nə də 1950-ci il seçkilərində DP Qarsda qazana bilməmişdi. Amma CXP-nin Qarsdan olan üç millət vəkili – Lətif Aküzüm (Azərbaycana bağlı Aküzüm ailəsindəndir), Abbasəli Çetin (İrəvanda doğulub) və Veyis Koçulu 18 mart 1952-ci ildə CXP-dən istefa verərək DP-yə keçiblər. Bunun səbəbi Qarsda baş tutan CXP qurultayında həmin millət vəkillərini dəstəkləməyən bir idarə heyətinin formalaşması olub. DP-ni dəstəkləyən “Zəfər” qəzetinin dərc etdiyi istefa mətnində millət vəkilləri CXP-də şeflik sisteminin davam etdiyi, partiya sədrinin fikirlərinə uymayanlara şübhə ilə yanaşıldığı, Qarsdakı partiya təşkilatının öz nüfuzlarından istifadə edərək təfriqə yaratdığı bildirilib.
.jpg)
Bu mətn CXP-də hiddət doğurub, Qarsı təmsil edən digər millət vəkili Sırrı Atalay partiyasını dəstəkləyən “Ulus” qəzetinə açıqlama verib, onların CXP-ni arxadan xəncərlədiklərini bildirib. O, şeflik sistemini tənqid edən deputatların dünənə qədər milli şef İsmət İnönü ilə çəkilən şəklə düşmək üçün ciddi cəhdlər göstərdiklərini ifadə edib. Buna cavab olaraq yaydıqları bəyanatda üç millət vəkili CXP-yə mücadilə ilə girdiklərini və bundan sonra da zehniyyət mücadiləsi apardıqlarını bildiriblər. Eləcə də CXP hökuməti dövründə Qarsın inkişafı üçün heç bir iş görülmədiyini, dəmiryolunun Qars sərhədinə, telefonun Ərzuruma qədər çəkildiyini, zəngin Araz vadisinin sərvətindən yararlanılmadığını qeyd ediblər.
CXP-dən ayrılan üç millət vəkili 1957-ci il seçkilərində DP-dən namizəd göstəriliblər. Lakin DP yenə də Qarsda üstünlük qazana bilmədiyi üçün hər üç namizəd parlamentə düşə bilməyib.
Koçulu 1969-cu il seçkilərində bu dəfə Ədalət Partiyasından Qarsın millət vəkili seçilib.
Veyis Koçulu 17 fevral 1984-cü ildə vəfat edib.