BAKI, 23 dekabr. TELEQRAF

"Rəqəmsal texnologiyalar yaxşı imkanları ilə bərabər riskləri də özü ilə gətirir. Həmin riskləri isə valideynlər görə bilmirlər. Çünki bu riskləri alqoritmlər edir. Zorakılıq, bulinq, cinsi istismar və s. təhlükələr rəqəmsal texnologiyalar vasitəsilə yayıla bilir".

Teleqraf xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, heç bir dövlət bu problemləri təkbaşına həll edə bilməz:

"BMT bu istiqamətdə işləri gücləndirib. Üzv ölkələrə rəqəmsal mühitdə təhlükəsizlik sahəsində təhlükəsizliyi təmin etmək üçün xüsusi yardımlar edilir. Uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsi haqqında xüsusi təlimatlar hazırlanıb".

BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri Sofiya Kiladze isə hesab edir ki, süni zəka və internetdən uşaqların və bəşəriyyətin xeyrinə olacaq şəkildə istifadə etməyin yolları birgə müzakirədən keçir.

"Biz uşaqlarla əməkdaşlıq etməliyik. Xüsusilə, ailələr uşaqların ən böyük dəstəkçisidir. Ailələr uşaqlara dəstək olmalıdır", - o əlavə edib.

ICESCO-nun baş direktorunun müşaviri Amira El Fadil bildirib ki, valideynlər və uşaqlar arasında rəqəmsal biliklərlə bağlı olan boşluqlar doldurulmalıdır.

"Bunu sadəcə bir qurum edə bilməz. Bunun üçün beynəlxalq əməkdaşlıqlar vacibdir. Məsələn, 5 yaşlı bir uşaq valideynindən daha çox rəqəmsal bilgi sahibi ola bilər. ICESCO buna görə çağırışlar edir. İCESCO texnoloji şirkətləri uşaqlara uyğun standartlar qəbul etməyə çağırır", - o vurğulayıb.