BAKI, 13 noyabr. TELEQRAF

1946-cı ildə İstanbulda Türk Kültür Ocağı Yayınları seriyasından “Bugünkü Azərbaycan mübarizəsi. Əsas və səbəbləri” adlı kitab işıq üzü görüb. Murtəza Nizaməddin Təbrizli adlı müəllifin kitabının qapağında Səttarxanın təsviri verilib. Kitabın içərisində “I cild” yazılsa da, ikinci cildi işıq üzü görməyib.

Kitabın müəllifi haqqında əlimizdə yetərli bilgi yoxdur. Cənubi Azərbaycandan İstanbula gəldiyi, həkim, müəllim kimi fəaliyyət göstərdiyi bildirilir.
Kitabına yazdığı 1 sentyabr 1946-cı il tarixli giriş sözündə müəllif əsəri haqqında bəzi bilgilər verib: “Bu kitab Azərbaycan mübarizəsinin mahiyyətini açıqlamaq məqsədilə üç ay əvvəl yazılmış və nəşrə hazırlanmışdı. Sərf etdiyim əməyə və göstərdiyim təşəbbüslərə rəğmən maddi imkansızlıq səbəbindən bu günə qədər, təəssüf ki nəşr edilmədi. Nəhayət, Azərbaycanın inkişafına maraq göstərən və onun milli inqilab yolundakı uğurlarına sevinən Türk Kültür Ocağının dəstəyilə nəşrinə imkan yarandı... Kitabın nəşrinə ən çox təsirlənən və hər kəsdən çox hümmət göstərən dostum Əli Xətiboğluna ayrıca səmimi təşəkkürü borc bilirəm”.

Kitabın ön sözündə müəllif kitbının mahiyyətini, yazılma səbəbini geniş şəkildə izah edib: “Azərbaycanın hürriyyət və istiqlal uğrunda göstərdiyi fədakarlıqlar iftixar və şərəf dolu tarixində ən nəzərəçarpan hadisələrdir. Əziz ölkəsində haqq və ədalət prinsiplərinə söykənən bir idarəçilik qurmaq əzəldən bəri azərbaycanlıların əsas mübarizəsi olub, bu mübarizəni ancaq özü üçün deyil, bütün İran xalqının səadəti üçün gerçəkləşdirməyə çalışmış və o dövlətin qüdrət və istiqlalı uğrunda canı və malı ilə vuruşmaqdan çəkinməmişdir. Son iyirmi il içərisində Pəhləvi idarəçiləri həbs və məşum istibdadlarını əngəlsiz davam etdirmək məqsədilə İranda hürriyyət və inqilab hərəkatlarının qaynağı olan Azərbaycanı parçalamaq və bu hərəkatlara öndərlik edən azərbaycanlıların milliyyət atəşini söndürmək və mənliyini unutdurmaq üçün var gücləri ilə çalışdılar. Beləcə iyirmi il ərzində yurdumuz göstərdiyi fədakarlıqların qarşılığında nankor, qaba və məntiqsiz məmurların kin və qərəzindən doğan təzyiq altında kabus və cəhənnəm həyatı yaşadı”.

Nizaməddin bəy 1945-ci ildə pik nöqtəsinə çatan Azərbaycan hərəkatına qarşı aparılan təbliğatın Türkiyə mətbuatında da yer aldığını ifadə edərək bu mübarizəni fərqli rənglərə boyamaq istəyənlərin olduğunu yazıb: “Bizə də mətin olmağı, sakit dayanmağı və səs çıxarmamağı qardaşca (!) nəsihət etdilər”.

Ona görə də Nizaməddin bəy çevrəsinin ona ünvanladığı suallara cavab olaraq, həmçinin Türkiyə ilə qonşu olduğu halda Cənubi Azərbaycan haqqında bu ölkədə məlumatların yetərsizliyini nəzərə alaraq bu əsərini ərsəyə gətirdiyini bildirib. O, bu mövzuda ancaq Sənan Azərin (Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olmuş Məhəmmədsadıq Aranın imzasıdır) “İran türkləri” adlı əsərinin mövcudluğunu, içində maraqlı və gərəkli bilgilərin olduğunu qeyd edib.

Kitab Azərbaycanın coğrafi hüdudlarının izahı ilə başlayır, ərəb qaynaqlarına söykənərək Dərbənddən Həmədan və Zəncana qədər uzandığını yazıb. O, bütün Azərbaycanın ərazisinin 198137 kv.km, əhalisinin təqribən 8 milyon nəfər olduğunu bildirib, 1828-ci ildə Araz çayı sərhəd olmaqla iki coğrafiyaya ayrıldığını qeyd edib: “Fəqət milliyyət, dil və adət-ənənə baxımından tam bir birlik içərisindədir”.

Ardınca müəllif Cənubi Azərbaycandakı dağlar, su qaynaqları, çaylar haqqında məlumat verib, iqlimini təsvir edib. Siyasi coğrafiyaya gəldikdə isə Nizaməddin bəy Cənubi Azərbaycanın əhalisinin təxminən 4 milyon olduğunu, müxtəlif səbəblərdən əhalinin köçdüyünü bildirib: “Azərbaycan keçmişdə daha çox əhaliyə malikdi. Ticarətin durğunluğu, dolanışığın çətinliyi, məktəblərin, iqtisadi və ticari müəssisələrin Tehranda təmərküzləşməsi daxili və xarici hicrətə səbəb olmuşdur. Əhalinin bir çoxu başqa məmləkətlər və şəhərlərdə qürbət həyatı yaşamağa məcbur olmuşdur. Azərbaycanın baş şəhəri Təbrizdir”.

Müəllif 1673-cü ildə Təbrizə gəlmiş Şardenə istinadən də şəhərin əhalisinin azaldığını qeyd edib. O, Pəhləvi dövründə Azərbaycanla bağlı parçalama siyasəti aparıldığı üçün 240 min azərbaycanlının Tehrana köçməyə məcbur qaldığını bildirib.

Nizaməddin bəy Azərbaycan dilini türkcənin müstəqil və inkişaf etmiş şivələrindən biri hesab edib, İran hökumətinin Güney Azərbaycanda bu dildə yazıb-oxumağı yasaqladığını yazıb: “Quzey Azərbaycanda isə elm və nəşriyyat dili olaraq istifadə edildiyi üçün daha çox inkişaf edib, hər sahədə zəngin və qiymətli kitablar vücuda gətirilib”. O, daha sonra Təbrizdə Azərbaycan türkcəsində çıxan “Azad millət” adlı qəzetdən dillə bağlı nümunə də qeyd edib.
Təbrizli daha sonra Azərbaycanın ən qədim dövrlərdən etibarən tarixini xülasələr şəklində qələmə alıb. Midiyalılardan ərəblərə, Sacilərdən Səlcuqlara, Moğollardan Səfəvilərə, Qacarlardan Azadistana qədər geniş bir dövr haqqında bilgilər verib.

Rza şah dövründə Azərbaycan

Bizə görə Nizaməddin Təbrizlinin kitabının ən maraqlı qismi Rza şah və milli hökumət dövründəki Azərbaycandakı vəziyyətin təhlilidir. O, Rza şahın Azərbaycana olan münasibətini bu sözlərlə ifadə edib: “Rza şah və ətrafındakılar Azərbaycanın milliyyət, adət-ənənə və dili üçün qatı düşmən və amansız xain idi. Azərbaycanı parçalamaq, adını yer üzündən qaldırmaq və mümkün olduğu qədər millətini pərişan və darmadağın etmək onların başlıca qayələri idi. Bu məqsədlə Rza şah azərbaycanlıların milliyyətini unutdurmaq və Azərbaycanın ticarət və sənət həyatına durğunluq, maarif və ictimai vəziyyətinə nöqsanlar soxmaqla əhalini başqa ölkələrə qaçırtmaq, nəticədə bu ölkənin əski əhəmiyyət və qiymətini əksiltmək qayəsilə istibdadının ən ağır qismini oraya yüklədi”.

Nizaməddin bəy Rza şahın bu politikasının maraqlı izahını da verib: “Rza şahın məftun olduğu diktatorluq və istibdadı ayaqda saxlamaq üçün hürriyyət və inqilab qaynağı olan Azərbaycanı kiçiltmək və parçalamaqdan başqa çarəsi yoxdu. Çünki Məşrutiyyət inqilabını yatırtmaq üçün Məhəmmədəli şah tərəfindən Eynüddövlə komandanlığında göndərilən orduda pulemyotçu tağımının komandanı olan bu şəxs Təbrizin Qaraməlik nahiyəsində Səttarxandan aldığı zərbənin ağrısını heç cür unuda bilmirdi. O, Azərbaycanın hürriyyət uğrunda nə qədər inadla vuruşduğunu gözü ilə görmüşdü”.

Təbrizli Rza şahın bu məqsədlə Azərbaycanı parçaladığını, “monqolların mirası olan türkcə”ni unutdurmağa çalışdığını qeyd edib. Müəllif Rza şahın azərbaycanlıların ona nifrət etdiyini bildiyini də yazıb: “Təbrizə gəldiyi zamanlarda ətrafında bir neçə yük maşını əli tətikdə mühafizəçiləri olduğu halda ildırım sürətilə küçələrdən keçməsi qorxusunun ən açıq dəlili sayılırdı. Rza şah azərbaycanlılar tərəfindən sevilən bir məmuru Azərbaycana göndərməzdi. Daima bacarıqsız, qaba və qorxaq məmurları təyin edərdi... Azərbaycanın mənfəətini düşünən hər məmuru dərhal aradan götürər, hətta bəzən öldürəcək qədər irəli gedərdi. General Təhmasbiyi Azərbaycan uğrunda candan çalışdığı üçün öldürtdü”.
Nizaməddin bəy Rza şah rejiminin iyirmi il ərzində Azərbaycanı taladığını, soyduğunu, ölkə sərvətini başqa vilayətlərə daşıdığını yazıb. Bu illərdə baş verən iqtisadi böhranı, əhalinin köçlərini nümunələrlə təqdim edən müəllif Azərbaycan kəndlisinin vəziyyəti, maarifin, şəhərçiliyin hansı durumda olduğunu təəssüf hissilə bildirib.

Təbrizli 1941-ci ildə şimaldan rusların, cənubdan ingilislərin hücumu nəticəsində Rza şah iqtidarının sona çatdığını və onun canını qurtarmaq üçün ingilislərə sığındığını və Morris adasına aparıldığını qeyd edib. Nizaməddin bəy bu dövrdə öz bioqrafiyası haqqında da dəyərli bir bilgi verib: “Sovetlər Təbrizi işğal etdikləri zaman ehtiyat zabit məktəbindən məzun olmuşdum və 75 zabit yoldaşımla birgə Azərbaycan cəbhəsinə göndərilmişdik. Təbrizə gedərkən əks istiqamətdə qaçan bir çox avtomobillərlə qarşılaşdıq. Onlar Azərbaycanda illərlə xalqın qanını sömürmüş yüzminlərə sahib zabitlərdi”.

Demokrat Firqənin fəaliyyətləri

Nizaməddin Təbrizlinin kitabında Şah İsmayılın, Səttarxanın, Xiyabaninin və Pişəvərinin təsvirləri də verilib. O, kitabının sonunda 1945-ci ildə Təbrizdə qurulmuş firqənin Azərbaycandakı fəaliyyətləri haqqında maraqlı bilgilər qeyd edib: “Azərbaycanın münəvvər milliyyətpərvərləri qəhrəman Səttarxanın buraxdığı əsəri tamamlamaq üçün Cəfər Pişəvərinin liderliyi altında Demokrat Firqəni qurdular. Azərbaycanın məğdur xalqı tərəfindən dəstəklənən bu partiya xalqın yardımı ilə az zamanda iqtidarı ələ keçirdi. Bir neçə ay içərisində heyrətverici bir sürətlə geniş ölçüdə islahatlar həyata keçirdi. Milli dili əsarət qısqacından qurtararaq məktəblərdə və idarələrdə cari etdi”.

O, milli firqənin qısa zamanda universitet, xəstəxanalar, radio, 1600 ibtidai məktəb qurduğunu, böyük məqsədlərə doğru irəlilədiyini bildirib. Müəllif milli firqənin təkcə Azərbaycan üçün deyil, bütün İran xalqının səadəti üçün çalışdığını yazıb, firqənin bir bəyannaməsini də kitabına əlavə edib. Əsərin birinci cildi bununla da tamamlanıb.

Ehtimal ki, əsərin ikinci cildi bütövlükdə Pişəvəri hökumətinin həyata keçirdiyi fəaliyyətə həsr olunacaqdı. Amma təəssüf ki, bu kitabın Türkiyə Daxili İşlər Nazirliyinin 21 dekabr 1946-cı il tarixli arayışı əsasında Prezident İsmət İnönü və nazirlər kabinetinin aldığı qərarla satışı qadağan edilib, paylaşılan nüsxələrin yığışdırılıb. Bu o dövr idi ki, cəmi 8 gün öncə İran qoşunları Təbrizə girmiş, milli hökuməti devirmişdi.

Kitabının qadağan edilməsindən öncə isə Nizaməddin bəy vətənində baş verən hadisələri mətbuat vasitəsilə də çatdırmağa çalışmışdı. O, “Tasvir” qəzetinin 4 dekabr 1946-cı il tarixli sayında türk mühərrir Hikmət Bilin İrandakı hadisələri təhrif edən məqaləsinə cavab olaraq “Azərbaycan mübarizəsi neft məsələsi deyildir” başlıqlı məqalə qələmə alıb. Bu yazısında da o, Cənubi Azərbaycan məsələsini geniş şəkildə təqdim edib.
“Tasvir” qəzetinin 1 dekabr 1947-ci il tarixli sayında isə Nizaməddin bəyin “Türk-İran dostluğu və iranlı tələbə məsələsi” adlı geniş həcmli bir yazısı işıq üzü görüb.

Şəxsi kolleksiyamızda Nizaməddin Təbrizlinin bu kitabının imzalı nüsxələri mövcuddur.

Müəllifin bioqrafiyası haqqında məlumat əldə etməyə çalışacağıq.