ZƏNGİLAN, 30 oktyabr. TELEQRAF
Zəngilanda inşa edilən 104 mənzilli məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə məlumat verərək bildirib ki,12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır.
Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.