BAKI, 21 oktyabr. TELEQRAF
Misirdə fəaliyyət göstərən Azərbaycan Diasporunun sədri, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovun Teleqraf İnformasiya Agentliyinə müsahibəsi:
– Ötən həftə Misir Yaxın Şərq Sülh Sammitinə ev sahibliyi etdi. Bütün dünyanın diqqət mərkəzində olan tədbiri necə dəyərləndirirsiniz?
– Misirin Şarm əl-Şeyx şəhərində keçirilən sülh sammitini hamımız gözləyirdik. Uzun illərdir Misirdə yaşayıram və hadisələri yaxından izləyirəm. İndiyə qədər İsrail ilə Fələstin arasında bu qədər ağır faciə yaşanmayıb. Həqiqətən də çox üzücü idi. Şükürlər olsun ki, Misir başda olmaqla, ABŞ, Türkiyə, Qətər və digər ölkələrin ciddi səyləri nəticəsində artıq gərginlik dayanıb. Sammitdə anlaşmanın müddəalarının yerinə yetirilməsi istiqamətində ciddi addımlar atılıb. Bu, çox sevindiricidir. Cənab Prezident İlham Əliyevin də bu sammitdə iştirakı, ona göstərilən diqqət, xüsusilə də dünyanın super gücü olan ABŞ Prezidenti Donald Trampın Azərbaycanın adını çəkməsi ölkəmizin gündən-günə artan nüfuzunun bariz göstəricisidir. Bu, həm də dünyaya verilən bir mesajdır.

– Tədris ilinin başlanğıcında birinci dərəcəli “Elm və fənlər” ordeni ilə təltif olundunuz. Ali mükafatı Misir Prezidenti Əbdülfəttah əs-Sisi şəxsən təqdim etdi. Təəssüratlarınızı bölüşməyinizi istərdik.
– Misir Prezidenti tərəfindən elm sahəsində birinci dərəcəli ali ordenlə təltif olunmağım həqiqətən çox qürurvericidir. Xüsusən də bu, vətənimiz adına böyük nailiyyətdir. Misirdə azərbaycanlı bir tədqiqatçının belə yüksək səviyyəli mükafat alması xalqımıza verilən dəyərin göstəricisidir. Bu, həm də ölkələrimiz arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu sübut edir. Misirdə yaşayan 10 milyondan çox əcnəbiyə də bu, bir mesaj idi. Misirdə elmi fəaliyyətlə ciddi şəkildə məşğul olan, ictimaiyyətə töhfə verən istənilən şəxs, əcnəbi olsa da, dövlət tərəfindən dəyərləndirilir. Bildiyim qədər, bu ordeni alan ilk əcnəbi mənəm. Artıq 23 ildən çoxdur ki, Misirdə işləyirəm. Bu müddətdə çox sayda, xüsusən də xarici tələbələrin təhsili ilə bağlı layihələr həyata keçirmişəm. Hazırda dünyanın 71 ölkəsindən 1700-dən çox tələbəm var. Onlar ölkələrinə qayıdıb fəaliyyət göstərirlər, aralarında professor olanlar da az deyil.

– Uzun illərdir Misirdə yaşayan bir alim kimi, iki ölkə arasında elmi və mədəni əlaqələri necə qiymətləndirirsiniz?
– Misir və Azərbaycan arasında əlaqələr tarixən yüksək səviyyədə olub. Bunu həm tariximizdə, həm də ədəbiyyatımızda görmək mümkündür. Bir tədqiqatçı kimi deyə bilərəm ki, əsrlər boyu Azərbaycan və Misir arasında elmi, mədəni və siyasi münasibətlər çox güclü olub. İbn Fəqihin əsərlərində də qeyd olunur ki, Azərbaycan və Misir arasında əlaqələr hər zaman möhkəm olub. Yazır ki, İslam Azərbaycana gələndə Misir və Şam bölgələrindən bir çox qəbilələr Azərbaycana köçüb.
Bu gün də ölkəmizdə Misir adını daşıyan şəxslər var. Azərbaycan ədəbiyyatında da Misir haqqında müsbət təsvirlər çoxdur. “Misri qılınc” ifadəsini buna misal göstərə bilərik. Hətta “İskəndərnamə”də Misir haqqında xoş fikirlər yer alır. Tarixən Misirdə fəaliyyət göstərən bir çox dahi azərbaycanlı alimlər olub. Misirin baş həkimi Fətullah ibn Nəfis, qazilər qazisi Əfzələddin Xunəci və digərləri bu qəbildəndir. Həmçinin Misiri işğaldan azad edib böyük bir ərazidə, Tunisdən Yəmənə qədər hökmranlıq edən Səlahəddin Əyyubi və onun sülaləsinin azərbaycanlı mənşəli olması da bir çox ərəb mənbələrində qeyd olunur. Bütün bunlar iki xalq arasında tarixi bağların dərinliyini göstərir.

– Hazırda Qahirə Universitetində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərirsiniz. Misirli gənclər Azərbaycan dilinə maraq göstərirmi? Onlar bu dili nə qədər müddətə öyrənə bilirlər?
– Bir dili öyrətmək təkcə danışığı öyrətmək deyil, eyni zamanda xalqımızın mədəniyyətini, incəsənətini, ədəbiyyatını və həqiqətlərini tanıtmaqdır. Bu yolla biz həm də Azərbaycana dost qazandırırıq. Mən hələ universitetdə ikən türk dili bölməsində oxuyan misirli dostlarıma fərdi şəkildə Azərbaycan dilini öyrədirdim. Məqsədim bu dili tanıtmaq və sevdirmək idi. Sonradan tələbələrin sayı artdıqca, xüsusi tədris mərkəzi yaratdıq. Misir qanunlarına əsasən dərslər evdə deyil, rəsmi mərkəzdə keçirilməlidir. Artıq 12 ildir fəaliyyət göstərən bu mərkəzdə “Misir-Azərbaycan Dostluq Cəmiyyəti” və “Azərbaycan Xalqları Dostluğu Akademiyası” fəaliyyət göstərir. Burada Azərbaycan dili başda olmaqla, dünyanın 61 ölkəsindən 600-dən çox tələbə müxtəlif fənlər üzrə təhsil alır. Dərslər ödənişsiz əsaslarla keçirilir. Tələbələr Azərbaycan dili danışıq klublarında iştirak edir, Azərbaycan mətbəxini, xalçaçılığı, muğam sənətini öyrənirlər. Eyni zamanda ərəb və ingilis dili kursları da təşkil olunur. 2016-2017-ci illərdə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başladım. Bu illər ərzində 1600-dən çox misirli tələbə bu dili öyrənib. Hətta aralarında Azərbaycan dilini öyrənmək üçün dərslik yazan tələbələrim var. Hazırda magistratura səviyyəsində Azərbaycan ədəbiyyatı üzrə dərslər keçirilir, bu sahədə dissertasiya müdafiə edən tələbələrimiz yetişir.

– Son zamanlar ərəb mənbələrində Azərbaycanla bağlı maraqlı hansı faktlara və məlumatlara rast gəlmisiniz?
– Artıq 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycan mövzusunda tədqiqat aparıram. Bu illər ərzində ərəb mənbələri əsasında 250-dən çox azərbaycanlı şəxs haqqında məlumat toplayaraq iki kitabda təqdim etmişəm. Qurani-Kərimdə Azərbaycan və Bakı nefti ilə bağlı ayələri üzə çıxarmağa nail olmuşam. Son illər Misirdə yaşayan azərbaycanlı ailələri də üzə çıxartmağa çalışıram. Misirin məşhur muğam ustası Seyid Nəqşibəndinin babasının Azərbaycandan Misirə köçdüyünü müəyyən etmişəm. Son iki ayda isə diqqətimi çəkən ən mühüm fakt Səlahəddin Əyyubinin müəllimi Nurəddin Zənginin azərbaycanlı olması ilə bağlıdır. Ərəb tarixinin ən böyük alimlərindən biri olan İbn Əsir “Əl-Kamil fit-Tarix” (Tarixdə kamillik) əsərində qeyd edir ki, Nurəddin Zəngi Azərbaycandan idi. Araşdırma nəticəsində məlum oldu ki, “Zəngi” sözü Zəngəzur toponimi ilə bağlıdır. Bu faktı ilk dəfə olaraq sizinlə bölüşürəm. Nurəddin Zəngi yalnız böyük sərkərdə deyil, həm də Şərqi işğaldan azad edən Səlahəddin Əyyubi kimi qəhrəmanı yetişdirən şəxs olub.
– Zaman-zaman Nəsiminin məzarının Azərbaycana gətiriləcəyinə dair fikirlər səslənir. Siz necə düşünürsünüz?
– Bəziləri deyir ki, onu Azərbaycana gətirmək lazımdır, bəziləri isə hesab edir ki, məzarı olduğu yerdə qalmalıdır. Məncə, bu mövzuya daha çox diqqət yetirilməlidir. Əgər Nəsiminin məqbərəsi yüksək səviyyədə təmir olunsa və orada Azərbaycanla bağlı yazılar yer alsa, bu, ölkəmizin təbliğatı baxımından çox dəyərli addım olardı. Bu, insanlığa yaraşmayan bir addımdır. Əsrlər boyu islamı siyasi məqsədlərlə istifadə edən bəzi siyasətçilər, əlləri altındakı "alim"ərdən sui-istifadə edərək belə qəbuledilməz qərarlar veriblər. İslam rəhmət dinidir. Bildiyim qədər, Nəsiminin əvvəlcə dərisini soyub sonra öldürüblər. Kim olur-olsun, vəfat etmiş bir insana toxunmaq, ona zərər vermək qəti qadağandır. Ruh bədəni tərk etdikdən sonra o cəsəd toxunulmaz sayılır. Heç kimin ruhu çıxan bədənə əziyyət verməyə haqqı yoxdur...

– Sonda, uzun illərdir yaşadığınız Misirdəki mövcud vəziyyətə toxunmağınızı istərdik. Sisinin hakimiyyəti dövründə ölkədə hansı dəyişikliklər baş verib? İnqilabdan sonrakı Misirdə siyasi və iqtisadi durum nə yerdədir?
– Sisinin hakimiyyəti dövründə Misirdə sabitlik və eyni zamanda inkişaf müşahidə olunur. Mən bunun canlı şahidiyəm. Misirə əvvəl gələn və sonradan yenidən qayıdan hər kəs bu fərqi açıq-aydın görür. Xüsusilə yollar və infrastruktur sahəsində böyük irəliləyiş var. Düzdür, inqilabdan sonra ölkəni bu vəziyyətə gətirmək asan deyildi. Pandemiya, Rusiya-Ukrayna müharibəsi və Qəzza zolağındakı faciələr Misir iqtisadiyyatına ciddi təsir göstərib. Misir turizm ölkəsidir, üstəlik Süveyş kanalı dövlətin ən böyük gəlir mənbələrindən biridir. Husilərin gəmilərə hücumları nəticəsində Misirin gəlirləri təxminən 70 faiz azalıb. Bütün bunlara baxmayaraq, Misir sürətlə inkişaf edir. Bəzi çətinliklər var, xüsusən də Misir funtunun dəyər itirməsi və inflyasiyanın artması müəyyən problemlər yaradır. Amma buna baxmayaraq, ölkə irəliləyir. Sisinin hakimiyyəti dövründə əsas diqqət sabitlik və təhlükəsizliyə yönəlib. Əgər bir ölkədə sabitlik yoxdursa, orada inkişaf da ola bilməz. Misir hökuməti də bunu yaxşı anlayır. Hətta Şarm əl-Şeyx sammitində ABŞ prezidenti özü də bunu qeyd etdi.
