XANKƏNDİ, 16 oktyabr. TELEQRAF
“Biz azərbaycanlı qardaşlarımızın zəlzələ anındakı həssaslıqlarını nə bu gün, nə sabah, nə də gələcəkdə unutmayacağıq. Bu mövzuda azərbaycanlı qardaşlarımıza sonsuza qədər minnətdarıq. Onsuz da biz bir səs məsafəsindəyik, qonşuyuq”.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, qonşuluq elə bir məsafədə olmalıdır ki, kimin kimə ehtiyacı varsa, sadəcə səslənməsi kifayət etsin.
"Həmin dövrdə ehtiyacımız var idi, siz bizə köməyə gəldiniz. Sizə də ehtiyac olduğu zaman bizim köməyə gələcəyimizi hər zaman bilirsiniz. Buna görə də Azərbaycanın sosial mənzil məsələsində öz vətəndaşının yanında olması, bu istiqamətdə bizimlə eyni xətt üzrə hərəkət etməsi hislərimizin bir-birinə nə qədər yaxın olduğunu göstərir”, - o qeyd edib.
O bildirib ki, həm zəlzələ zamanı, həm də ondan sonrakı mərhələdə “MİDA” ilə bir çox əməkdaşlıqlar həyata keçirilib.