BAKI, 6 oktyabr. TELEQRAF
Bakının “Sovetski” adlanan ərazisində söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur.
Bu barədə Teleqraf-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən sosial şəbəkədə həmin ərazidə arxitektur binaların sökülməsi ilə bağlı paylaşılan məlumatlara cavab olaraq bildirilib.
Bildirilib ki, bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.
"“Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb.
Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır.
Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır".
Qeyd edilib ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir.
"“Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir", - məlumatda qeyd olunub.