LAÇIN, 24 sentyabr. TELEQRAF
"Tullantıların idarə edilməsi probleminin həlli üzrə danışıqlar aparılır".
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, Laçındakı silsilə tədbirlər göstərir ki, bərpa və quruculuq işləri çərçivəsində qarşıya qoyulan strategiya özünü doğruldur.
Xüsusi nümayəndə tullantıların idarəedilməsi məsələsinə toxunaraq əlavə edib ki, bu problemin həlli üzrə danışıqlar aparılır:
"Bu məsələ diqqət mərkəzindədir. Çalışırıq ki, 10 ildən sonra yeni poliqon yeri axtarmayaq. Laçında hər bir infrastruktur işinə ekoloji toxunulmazlıq müstəvisində baxırıq".
M.Məmmədov vurğulayıb ki, Laçında meşələrin qorunması məsələsi də prioritetdir:
"Bəzi şirkətlər yenidənqurma işləri apararkən təbiətə ziyan vururlar. Yamaclarda yerləşən şirkətlər yerləşdikləri ərazini qorumur, əksinə yararsız vəziyyətə salır. Bunun bərpası isə uzun zaman tələb edir".