BAKI, 1 sentyabr. TELEQRAF
Ötən il Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox mühüm addım idi.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakı Dövlət Universiteti (BDU), “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və “Sea Breeze” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən I Gənclərin lokal konfransında (LCOY2025 Azərbaycan) deyib.
O bildirib ki, COP30-a gedən müddət ərzində gənclərin fikirləri, ideyaları nəzərə alınmalıdır.
"Bu fürsətdən istifadə edilməlidir. İqlim dəyişmələri hazırda dünya üçün ciddi bir təhdiddir, çağırışdır. Amma eyni zamanda gənclər üçün də böyük bir fürsətdir", - o əlavə edib.
BDU-nun rektoru Elçin Babayev isə bildirib ki, Azərbaycanın dövlət siyasəti iqlim dəyişmələri ilə mübarizə və “yaşıl inkişaf” prinsiplərinin tətbiqi üzərində qurulub.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafını prioritet elan edib. Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” kimi müəyyənləşdirilib. Bu siyasət Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə beynəlxalq miqyasda daha da güclənib. İqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən böyük qlobal təhlükələrdən biridir.
Bu böhranın qarşısında ən böyük güc isə gənclərin enerjisi, onların təşəbbüskarlığı və innovativ düşüncə tərzidir".
BMT-nin İqlim üzrə lideri Nigar Arpadarai qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri bəzi ölkələrdə daha çox hiss olunur.
"İqlim dəyişikliyi ilə mübarizə tək dövlətlərin, özəl sektorun işi deyil. Bu, hər kəsin işidir".