CƏLİLABAD, 16 avqust. TELEQRAF
Cəlilabadda qətl törədən şəxs saxlanılıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızı yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ailədaxili münaqişə zəminində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qaynı – 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
13:25
Cəlilabaddakı qətlin təfərrüatları məlum olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində uzun illərdir davam edən ailədaxili narazılıq dəhşətli qətl hadisəsi ilə nəticələnib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü Təhmasib Tərxan oğlu Əliyev səhər saatlarında pəncərədən evə daxil olaraq, yatmış vəziyyətdə olan qardaşının həyat yoldaşı -1963-cü il təvəllüdlü Rəviyyə Nərimanov Əleheydər qızına çoxsaylı ölümcül zərbələr endirib.
Məlumata görə, Təhmasib və böyük qardaşı 1977-ci il təvəllüdlü Firdovsi Əliyev arasında bir müddətdir torpaq və mal-mülk məsələsinə, xüsusən də hər iki qardaşın yaşadığı evin kimə məxsus olmasına dair ciddi mübahisələr yaşanıb. Son günlər gərginlik daha da artıb və Təhmasibin qardaşının həyat yoldaşına “dilini kəsəcəyəm” şəklində açıq təhdid etdiyi bildirilir. Rəviyyə Nərimanova isə bu hədələr barədə əvvəlcədən Biləsuvarın İsmətli kəndində yaşayan ailə üzvlərinə məlumat verərək həyatından narahat olduğunu deyib.
Hadisə günü Firdovsi Əliyev səhər tezdən bazara yola düşüb. Az sonra isə evdə tək qalan qadın amansız şəkildə qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır, qətli törədən Təhmasib Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
11:13
Cəlilabadda qətldə şübhəli bilinən şəxs axtarılır.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunda baş verən qətl hadisəsi ilə bağlı şübhəli şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, ailədaxili münaqişə zəminində baş verən hadisədə 62 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən onun qaynı Təhmasib Tərxan oğlu Əliyevin tutulması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, bu gün Cəlilabad rayonunun Alar kəndində kənd sakini, 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanova qətlə yetirilib.
***
10:49
Cəlilabadda baş vermiş qətldə ölən şəxsin kimliyi məlum olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində baş verən qətl hadisəsində ölən şəxsin kimliyi müəyyənləşib.
Məlumata görə, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Onun qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən öldürüldüyü bildirilir.
Qətlin motivi hələlik məlum deyil. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
***
10:34
Cəlilabadda qətl hadisəsi törədilib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində qətl hadisəsi qeydə alınıb.
Məlumata görə, kənd sakini, orta yaşlı qadın naməlum şəraitdə qətlə yetirilib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir, faktla bağlı araşdırma aparılır.