BAKI, 7 avqust. TELEQRAF
“e-ahik.az” Elektron Rezervasiya Sistemi artıq iki aydır fəaliyyət göstərir. Avqustun 4-dək sistemə ümumilikdə 140 mindən çox müraciət daxil olub ki, onların 121 mindən çoxu artıq cavablandırılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.
Bildirilib ki, qalan təxminən 19 min müraciətin emalı isə davam etdirilir.
"Müraciətlərin cavablandırılmasında bəzi hallarda gecikmələr müşahidə olunsa da, bunun əsas səbəbi istifadəçilərin məlumatları tam və düzgün şəkildə təqdim etməməsi ilə bağlıdır. Bəzən yollayış üçün müraciət etmək hüququ olmayan şəxslər də sistemə daxil olur və bu da müraciətlərin emalında əlavə vaxt tələb edir. Eyni zamanda müəyyən hallarda vətəndaşlara ödəniş barədə bildiriş göndərilsə də, 5 iş günü ərzində ödəniş həyata keçirilmir və ya ödəniş sənədi sistemə yüklənmir", - məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə uzun müddətdir ki, Həmkarlar İttifaqı ilə bağlı çoxsaylı şikayətlər yayılıb. Belə ki, müəllimlər e-AHİK.az saytında sorğulara cavab verilmədiyindən şikayətçidirlər.