GƏNCƏ, 27 iyul. TELEQRAF
Birinci Qarabağ müharibəsinin itkin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova 83 yaşında vəfat edib.
Bu barədə Teleqraf-ın Qərb bürosuna D.Qasımovanın oğlu Nofəl Qasımov məlumat verib.
Şəhidin anası Gəncə şəhərində dünyasını dəyişib.
"Təxminən 2 saat öncə anam gözlərini əbədi olaraq yumdu. Sabah Gəncənin Səbiskar qəbiristanlığında atamın məzarının yanında torpağa tapşıracağıq"- N.Qasımov bildirib.
Qeyd edək ki, Natiq Qasımov 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb.
Natiq Qasımov beş gün ac-susuz qalsa da, Azərbaycan bayrağını əlindən buraxmayıb.
Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Natiq Qasımov Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.