BAKI, 23 iyul. TELEQRAF
Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Bu məsələ bir müddətdir ki, cəmiyyətdə müzakirə olunur.
Teleqraf xəbər verir ki, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.
Artıq çay süfrəsindən başqa ehsan verilməməsi tövsiyə olunur.
Əlaqə saxladığımız bir neçə rayonun axundu isə bildirib ki, tövsiyə edilməsi qadağa olduğu mənasına gəlmir. İnsanlar hamısı bu tövsiyəyə əməl etmir. Bəzisi etsə də, bəzisi “mənim atamın ehsanıdır, istədiyim kimi edərəm” deyir.
Onlar qeyd edir ki, bununla bağlı rəsmi qərar olmalıdır. Cərimələr tətbiq edilməlidir ki, hər kəs əməl etsin.
Bəzi rayonlarda isə yas mərasimlərində yemək verilməsi yığışdırılmayıb. Əldə etdiyimiz məlumata görə, Qəbələ rayonu Vəndam qəsəbəsi, Şəki, Mingəçevir, Cənub bölgəsində yas məclisləri əvvəlki qaydada təşkil edilir, ehsan verilir. Neftçala rayonundan isə bildirildi ki, məsələ gündəmdə olsa da, yekun qərar kənd camaatı, ağsaqqallar şurası, icra hakimiyyəti tərəfindən verilməlidir. Məlumata görə, yas mərasimləri əvvəlki qaydada təşkil edilir, hətta 7 gün ehsan verilən kəndlər də var.