BAKI, 22 iyul. TELEQRAF
Bu gün Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülüb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
.jpg)
"Bir gün Cəbrayıla - bizə gəlin"
Gözləri dolan Gözəl Behbudova deyir ki, Cəbrayıla ayaq basacağı anı həyəcanla gözləyir: “Burada toplaşan hamı kimi mən də çox həyəcanlıyam. Allah şəhidlərimizə rəhmət eləsin, mən onların analarının, bacılarının qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı diləyirəm.
Hamı deyirdi ki, yurdumuza ayaqyalın gedirik, inanın ayağımızda ayaqqabılarımız olsa belə biz özümüzü ayaqyalın hiss edirik. İçimizdə o qədər sevinc, o qədər həyəcan var ki...Bunları sözlə ifadə etmək çox çətindir...
Bütün torpaqlar gözəldir, amma Cəbrayıl torpağı daha gözəldir. Oranın suyu da şəfalıdır, istəyirəm siz də bir gün gəlib orda qonağımız olub, suyundan içib, havasını ciyərlərinizə çəkəsiniz”.
"Cəbrayıla pianino ilə qayıdıram"
Elza Quliyeva isə deyir ki, Cəbrayıla nəvəsi üçün aldığı pianino ilə qayıdır.
“O vaxt köç zamanı pianinom rayonda qaldı, Bakıda nəvəm üçün yenidən aldım, indi onu özümlə birliklə Cəbrayıla aparıram.
Uzun illərdir musiqi məktəbində pianinodan dərs demişəm. Şagirdlərimə həmişə Cəbrayıldan danışırdım, ora yenidən qayıtmaq çox böyük arzu idi, onlar da bunu bilir. Bu gün bu arzu gerçəkləşir, şükürlər olsun...”

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.