BAKI, 17 iyul. TELEQRAF
Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 66-cı iclası keçirilib.
Bu barədə Teleqraf-a Əqli mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Koordinasiya Komitəsi və Paris və Bern İttifaqının İcraiyyə Komitəsində qeyri-rəsmi məsləhətləşmələrdən sonra 40 dövlət Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilmişdir. Daimi üzv seçilən dövlətlər sırasında Azərbaycan da yer almışdır. Qeyd edək ki, Azərbaycan 1995-ci ildə ÜƏMT-nin əqli mülkiyyətin qorunması sahəsində ən böyük beynəlxalq müqaviləsi olan Paris konvensiyasına və 1998-ci ildə Bern konvensiyasına qoşulub.
Ölkəmiz həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışına qədərki dövr üçün ÜƏMT-nin ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir.
Azərbaycan Proqram və Büdcə Komitəsinin də üzvü seçilib. Bu Komitədə həmin vaxtadək təmsil olunacaq dövlətlərin sayı 53-dür. Komitə Birləşmiş Millətlər Təşkilatının (BMT) maliyyə nəzarəti üçün vacib rol oynayır. Belə ki, Komitə resurs tələblərini araşdırır, büdcə proqnozlarını nəzərdən keçirir və maliyyə‑administrativ siyasətə dair tövsiyələr hazırlayır.
İyulun 17-də keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib.
Azərbaycan 2005-cı ildən ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin üzvüdür.
Beləliklə, Azərbaycan BMT-nin ən böyük qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsində təmsil olunur və onun bir assambleyasına rəhbərlik edir.
Xatırladaq ki, Azərbaycan nümayəndəsi 2018-ci ildə ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyası sədrinin müavini seçilmiş, 2019-2020-ci və 2023-cü illərdə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasına, 2021-2022-ci illərdə isə Müəllif hüquqları Müqaviləsi Assambleyasına sədrlik etmişdir.
ÜƏMT-nin komitələrində Azərbaycanın təmsil olunması ilk növbədə sahənin inkişafını daim dəstəkləyən Azərbaycan dövlətinə və dövlətimizin başçısı Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi və institusional islahatlara hörmət və ehtiramın ifadəsidir.
ÜƏMT üzv dövlətlərinin Assambleyalarının 66-cı iclasında tədbirə onlayn qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanov çıxış edərək, Azərbaycanda əqli mülkiyyət sahəsində əldə edilən uğurlardan danışıb. Qeyd edib ki, ölkəmizdə yaradıcı sahibkarlar, investisiyalar və rəqabətqabiliyyətli bazarlarla yanaşı innovasiyaları dəstəkləyən əqli mülkiyyət prioritet kimi önə çəkilib. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində “ağıllı kənd” (smart kənd) və “ağıllı şəhər”lərin (smart şəhərlərin) yaradılmasına xüsusi diqqət yetirilir. İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi gösəricilərə dair “Açıq reyestr”lərin yaradıldığı, 3D formatın tətbiqi, patent analitikası, iddia sənədlərinin baxılma müddətinin azaldılması, ixtira və patent fəallığının əvvəlki illərlə müqayisədə xeyli artması və digər yeniliklər barədə də məlumat verib.