BAKI, 12 iyul. TELEQRAF

Biləsuvarda pambıq sahələri susuzluqdan yanır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Xırmandalı kəndində fermerlər pambıq sahələrini suvara bilmədiklərindən narahatdırlar.

Onların sözlərinə görə, bir müddətdir ki, sahələrin suvarılması üçün kanallara su buraxılmır.

Fermerlər bildirirlər ki, bu vəziyyət sahələrdə məhsuldarlığın ciddi şəkildə aşağı düşməsinə səbəb ola bilər. Bu isə ilin sonuna nəzərdə tutulan məhsul öhdəliklərinin yerinə yetirilməsini sual altına alır.

“Sahə yanıb gedir, su verən yoxdur. Bu, necə olacaq? Sabah zavod məhkəməyə verəcək ki, gətir, mənim pulumu ödə,” – deyə kənd sakinlərindən biri bildirib.

Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən bildirilib ki, son günlər suyun verilməsində müşahidə olunan azalmalar Qarabağ kanalında insan boğulması hadisəsi ilə bağlıdır.

“Məlum məsələ ilə əlaqədar kanalda suyun verilişi müvəqqəti azaldılmışdı. Bu da öz təsirini Biləsuvardan keçən Cənub Muğan kanalında göstərdi. Bu gündən etibarən suyun verilişi bərpa olunacaq və su əkin sahələrinin suvarılmasına yönləndiriləcək,” – yerli icra nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Biləsuvar rayonu pambıqçılıq üzrə ölkədə önəmli bölgələrdən biridir.