BAKI, 8 iyul. TELEQRAF

Türkiyədə istirahətdə olan zaman vəfat edən Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi, bəstəkar Ruslan Əhmədoğlu Bakıda dəfn olunub.

Teleqraf xəbər verir ki, mərhumun cənazəsi Azərbaycana gətirilib və iyulun 8-də paytaxtın Sabunçu rayonunun Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, mərhumun ailə üzvləri, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Bəstəkarın anası övladı ilə son vidalaşma zamanı göz yaşları ilə bu sözləri deyib:

"Atanı çox istəyirdin... Get, atana qovuş. Adam istirahətdən xoş qayıdar... Bu şərəfli adın, zəhmətsevərliyin, insanlara əl tutmağın, yardımsevərliyin hamısı sənə yaraşırdı."

Xatırladaq ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyəyə istirahətə yollanmışdı. Lakin dənizdə olarkən ayağında qıcolma keçirib, ciyərlərinə duzlu su dolduğu üçün komaya düşüb. Xəstəxanaya aparılmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər. R.Əhmədoğlu iyulun 6-da vəfat edib.

Mərhumun keçmişdəki fəaliyyətləri və insanların həyatında göstərdiyi müsbət təsiri bir çoxları tərəfindən böyük ehtiramla yad olunur.