
KƏLBƏCƏR, 4 iyul. TELEQRAF
Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Yusif Əzizov, Qafar Qarayev və Mehman Musayev Kəlbəcər rayonunda dəfn olunublar.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, onlar Kəlbəcər şəhəri işğaldan azad olunandan sonra salınan Şəhidlər xiyabanında torpağa tapşırılıblar.
Dəfn mərasimində Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhidlərin ailə üzvləri, doğmaları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Hərbi orkestr dövlət himnini səsləndirib, şəhidlərin xatirəsinə düzülmüş qarovul dəstəsi yaylım atəşi açıb.
Qeyd edək ki, Qarayev Qafar Qəmbər oğlu, Əzizov Yusif İsmayıl oğlu və Musayev Mehman Camal oğlunun bir-birinə bənzər qəribə taleləri var. Onların hər üçü eyni gündə doğulublar.
Qafar Qarayev 1939-cu il iyunun 1-də anadan olub. Yusif Əzizov 1952-ci il iyunun 1-də dünyaya gəlib. Mehman Musayev isə 1963-cü il 1 iyun təvəllüdlüdür.
Onların hər üçü 1993-cü ilin martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşüblər - şəhid olublar.
Üçü də hərbçi olan itkinlərin qalıqları da eyni gündə və yerdə tapılıb. 2023-cü ilin martında Kəlbəcər rayonunun Yenikənd kəndində aparılan bərpa quruculuq işləri çərçivəsində yol tikintisi zamanı üç nəfərə məxsus meyit qalıqları aşkarlanıb. Aparılan ekspertiza zamanı qalıqların Q.Qarayev, Y.Əzizov və M.Musayevə məxsus olması müəyyənləşdirilib.
İndi isə onlar eyni tarixdə - iyulun 4-də Kəlbəcər rayon qəbiristanlığında dəfn olunacaqlar.
Bundan başqa, itkin-şəhidlərin hər üçü Kəlbəcər rayonunun Taxtabaşı kəndində doğulublar.