BAKI, 2 iyul. TELEQRAF

İyulun 4-də dəfn olunacaq itkin şəhidlər Qarayev Qafar Qəmbər oğlu, Əzizov Yusif İsmayıl oğlu və Musayev Mehman Camal oğlunun bir-birinə bənzər qəribə taleləri var.

Teleqraf xəbər verir ki, onların hər üçü eyni gündə doğulublar.

Qafar Qarayev 1939-cu il iyunun 1-də anadan olub. Yusif Əzizov 1952-ci il iyunun 1-də dünyaya gəlib. Mehman Musayev isə 1963-cü il 1 iyun təvəllüdlüdür.

Onların hər üçü 1993-cü ilin martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşüblər - şəhid olublar.

Üçü də hərbçi olan itkinlərin qalıqları da eyni gündə və yerdə tapılıb. 2023-cü ilin martında Kəlbəcər rayonunun Yenikənd kəndində aparılan bərpa quruculuq işləri çərçivəsində yol tikintisi zamanı üç nəfərə məxsus meyit qalıqları aşkarlanıb. Aparılan ekspertiza zamanı qalıqların Q.Qarayev, Y.Əzizov və M.Musayevə məxsus olması müəyyənləşdirilib.

İndi isə onlar eyni tarixdə - iyulun 4-də Kəlbəcər rayon qəbiristanlığında dəfn olunacaqlar.

Bundan başqa, itkin-şəhidlərin hər üçü Kəlbəcər rayonunun Taxtabaşı kəndində doğulublar.

***

17:16

BAKI, 2 iyul. TELEQRAF

Birinci Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlu iyulun 4-də Kəlbəcər şəhər qəbiristanlığında torpağa tapşırılacaqlar.

Onların hər üçü hərbçidir və 1993-cü ilin martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşmüşdülər. İtkin-şəhidin meyitinin qalıqları Kəlbəcərin Yenikənd kəndi ərazisində aşkarlanıb.