BAKI, 2 iyul. TELEQRAF

"Ötən ilin dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar Baş Prokurorluqda aktiv istintaq hərəkətləri davam etdirilir".

Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Nemət Əvəzov Azərbaycan vətəndaşlarının Rusiyada işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı iyulun 2-də Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan, Qazaxıstan və Rusiyada paralel cinayət işi başlayıb.

"Çoxsaylı ekspertizalar təyin edilib, 100-ə yaxın ekspertiza var, çoxunun rəyi alınıb. Ekspertiza davam etdirilir. Bir neçə gün öncə istintaq qrupumuzun üzvləri Qazaxıstana ezam olunublar, oradakı həmkarlarımızla geniş görüş keçirilib, müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin alınması ilə bağlı səylər birgə davam etdirilir. Yəqin ki, qısa müddətdə ictimaiyyətin gözlədiyi nəticələr əldə olunacaq", - o əlavə edib.