BAKI,1 iyul. TELEQRAF

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən öldürülən azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb.

Teleqraf xəbər verir ki, ekspertizanın rəyinə əsasən, meyitin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib. Heç birində iti alət, odlu silahın izi yox idi, onlara ancaq küt alətlərdən istifadə edərək xəsarət yetirilib.

Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib ki, dünən meyitlər axşam 10-11 radələrində şöbəyə qəbul edilib, onların müayinəsi gecəyarısı başa çatıb.

"Biz ekspertiza zamanı Səfərov Hüseyn Mehdi oğlunun bədənində xarici və daxili travmalar aşkarladıq. Sümüklərin yerdəyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda, xayalıqda qançırlar, aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlandı".

O qeyd edib ki, bir dəfə müayinə edilmiş meyitin ikinci dəfə təkrar ekspertizası çətin olur:

"Meyitin daxili müayinəsində isə kəllədaxili qansızmalar, baş beynin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların ikitərəfli, çoxsaylı anatomik xətlər üzrə yerdəyişmiş sınıqları aşkarlandı. Ağciyərin sümük ucları tərəfindən kəsilməsi, qabırğaarası əzələlərdə qansızmalar, parietal plevranın, ağciyərlərin cırılması və ikitərəfli hemapnevmatoroks vəziyyəti aşkarlandı. Bundan başqa, periton partlaması, qanla örtülməsi müəyyən edildi. Biz müəyyənləşdirdik ki, Səfərov Hüseyn Mehdi oğlunun ölüm səbəbi posttravmatik və posthemorragik şokdur".

Birliyin baş direktoru qeyd edib ki, meyitləri müayinə etməmişdən öncə onlara qardaşların ölüm haqda tibbi şəhadətnamələri təqdim edilib.

"Sverdlovsk vilayətinin verdiyi ölüm haqda şəhadətnamədə Səfərov Hüseyn Mehdi oğlunun ölüm səbəbi travma göstərilib. Qraçova Kseniya Valeryevanın apardığı ekspertiza nəticəsində onun küt travma ilə qətlə yetirildiyi qeyd edilib.

İkinci qardaşın rəyində isə ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib".

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb.

Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

İyunun 30-da Hüseyn və Ziyəddin Səfərovların cənazələri Bakıya gətirilib, bu gün Ağcabədidə Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.