BAKI, 30 iyun. TELEQRAF

İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür.

Teleqraf xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.

“Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar.

Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir”, - məlumatda qeyd olunub.