BAKI, 24 iyun. TELEQRAF

İyunun 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 1 334 təhsilverən (779 biologiya, 555 kimya) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.

Bu barədə Teleqraf-a BŞTİ məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə paytaxt üzrə 4 500-dən çox müəllim sertifikasiyaya cəlb olunur. Bakıda 9 imtahan mərkəzində sertifikatlaşdırılma imtahanı aparılır.

Qeyd edək ki, 18-25 iyun (18, 19, 20, 24, 25 iyun) tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin biologiya, kimya, fizika, coğrafiya, informatika fənləri üzrə sertifikatlaşdırılması həyata keçirilir.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.