
ŞUŞA, 21 iyun. TELEQRAF
Şuşada bu 3 binadan başqa daha 91 bina tikiləcək, bununla da Birinci Qayıdış Planının hədəflərinə çatmış olacağıq.
Teleqraf xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Diplomatik Korpus nümayəndələrinin Şuşada yaşayış kompleksini ziyarəti zamanı deyib.
Prezidentin nümayəndəsi bildirib ki, Şuşada yol şəbəkəsi, yeraltı infrastruktur tam yenidən qurulur:
“Eyni zamanda, tarixi abidələrimizin də bərpasıyla məşğuluq. Bu günə qədər 27 abidə bərpa olunub. İşlər davam etdirilir, qısa müddətdə bütün hədəflərə çatmış olacağıq”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.