ASTARA, 20 iyun. TELEQRAF
“İranla İsrail arasındakı müharibə Azərbaycanın idxal və ixrac etdiyi məhsulların daşınmasında çətinlik yaradıb”.
Bunu Teleqraf-ın Cənub bürosuna açıqlamasında “Ərkivan Transport” Beynəlxalq Yükdaşıma Şirkətinin rəhbəri Abdulla Abdullayev deyib.
Onun sözlərinə görə, İrandan keçməklə ərəb ölkələrinə, o cümlədən, Əfqanıstan və Omana daşınan Azərbaycan məhsullarının, xüsusilə yumurta və şirniyyat kimi tez xarab olan malların ixracı tamamilə dayanıb: “Monqolustan və Rusiyadan mütəmadi olaraq İrana və oradan tranzitlə digər ölkələrə yüklər daşıyırdıq. Lakin İran-İsrail müharibəsinə görə hazırda 100-ə yaxın nəqliyyat vasitəmiz sərhəddə gözləməkdədir”.
A.Abdullayev əlavə edib ki, Rusiya istiqamətində də İrandan keçən marşrut üzrə yüksək həcmdə yüklər var: “İrana daxil olmazdan əvvəl xüsusi sistem üzərindən kod almaq tələb olunur. Lakin hazırda bu sistem işləmir, çöküb. Kod ala bilmədiyimiz üçün nəqliyyat vasitələrimiz İrana daxil ola bilmir”.
Şirkət rəhbəri həmçinin qeyd edib ki, müharibədən öncə İrana daxil olmuş əməkdaşları ilə də əlaqə saxlamaqda çətinliklər yaranıb.