BAKI. 18 iyun. TELEQRAF

Rəssam Fərhad Yalquzaq dəfn edildi.

Bu barədə Teleqraf-a mərhumun dostu Gündüz Hunlar məlumat verib.

Onun sözlərinə görə, dəfndə mərhumun yaxınları, dostları və rəssamlar iştirak edib, Rəssamlar İttifaqından isə mərasimdə iştirak edən olmayıb.

“Vüqar Əli, Mirazər müəllim, Elyar Əlimirzəyev, Adil Yusif, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində bizimlə birlikdə oxuyan rəssamlar, mərhumun ailəsi, yaxınları orada idilər”, - G.Hunlar qeyd edib.

***

11:10

TƏBİB rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan Teleqraf-a bildirilib ki, iyunun 17-də 23:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat Xətai rayonu, M.Rüstəmov küçəsi ərazisindən çağırış daxil olub.

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 52 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda deyilib.

***

10:00

Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüdlü Fərhad Yalquzaq (Fərhad Əhmədli oğlu İsgəndərov) yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***

08:57

Ötən gün vəfat edən rəssam Fərhad Yalquzağın meyiti Bakıda emalatxanada aşkarlanıb.

Bu barədə Teleqraf-a rəssam Pəri Miniatür məlumat verib.

Onun sözlərinə görə, mərhumun nəşini dostları emalatxanada tapıb:

"Fərhadın səhhətində problem yox idi. Hələlik ölüm səbəbi bilinmir", - P.Miniatür vurğulayıb.

O deyib ki, F.Yalquzağın meyiti bu gün saat 11-də morqdan götürüləcək və Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Fərhad Əhmədli oğlu İsgəndərov (Fərhad Yalquzaq) 1973-cü il martın 14-də anadan olub. Sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.

O, 2022-ci ildə "XAZART" simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. "Muzey Mərkəzi"nin sərgilərində isə "Afrikalı şaman" (2009), "Bilyard ustası" (2010) və s. əsərləri yer alıb.