BAKI, 17 iyun. TELEQRAF

"Sertifikasiya prosesində iştirak üçün heç bir limit yoxdur".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə səsləndirib.

"Sabah proses başlayır. Ötən ildən etibarən həyata keçirilən sertifikasiya müəllimlərin səriştəsi əsasında seçimidir. Bu proses təhsildə əsas fiqur olan müəllimlərin inkişafına xidmət edir. Biz öyrətmək həvəsi yaradan müəllimləri seçirik.

Sertifikatlaşdırma müəllimlərin rifah halının yüksəldilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir. Bu il fizika, kimya və biologiya fənləri üzrə müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur. Bütün fənlər şagirdin əqli və fiziki inkişafı baxımından əhəmiyyətlidir. Sertifikatlaşdırma həm də tədris metodikasının yenilənməsinə və keyfiyyətin yüksəlməsinə töhfə verir. Hazırda təbiət fənni üzrə də yeni yanaşmalar hazırlanır ki, bu da şagirdlərin bu fənni daha dərindən mənimsəməsinə imkan yaradacaq. Sertifikasiya prosesində iştirak üçün heç bir limit yoxdur", – deyə Vəfa Yaqublu qeyd edib.

O əlavə edib ki, sertifikasiyadan keçən müəllimlər həm yüksək əməkhaqqı ilə təmin olunacaq, həm də keyfiyyətli pedaqoji heyət formalaşacaq: "Artıq məktəblər yalnız təhsil səviyyəsinə görə deyil, həm də dərsdənkənar fəaliyyətə görə fərqlənəcək.

Bizim əsas məqsədimiz müəllimlərimizin mümkün qədər yüksək yəni 51 baldan artıq nəticə göstərməsidir. Bu halda onların əməkhaqqına 35 faiz əlavə tətbiq olunacaq".

Qeyd edək ki, iyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı fənnlərindən sertifikasiya imtahanıdır.

İyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.