BAKI, 13 iyun. TELEQRAF
Türk Dövlətləri arasında onkologiya sahəsində əməkdaşlıq güclənir
Teleqraf xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.
Nazirin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi bu konqres, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında səhiyyə, xüsusən də onkoloji xidmət sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Bu, birgə elmi-tibbi təcrübə mübadiləsinin, ortaq layihələrin və innovativ yanaşmaların inkişafı üçün platformadır”.
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrü respublika onkologiyasının yüksəliş mərhələsi kimi səciyyələndirilir.
Nazirin sözlərinə görə, həmin illərdə Azərbaycanda onkologiyanın inkişafına təkan verən amillərdən biri Ulu Öndərin şəxsi təşəbbüsü ilə SSRİ-nin aparıcı onkoloji mərkəzlərində respublika üçün mütəxəssislərin hazırlanması olub: “Məhz həmin alimlər sonralar ölkəmizdə səhiyyənin və təbabət elminin, xüsusilə də onkologiyanın inkişafında mühüm rol oynayıblar”.
O qeyd edib ki, Azərbaycanda onkoloji xidmətin inkişafı dövlət siyasətinin prioritetidir.
"Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi diqqəti və təşəbbüsləri ilə onkoloji xidmət sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Milli Onkologiya Mərkəzi regionda qabaqcıl tibb ocaqlarından birinə çevrilib, müasir texnologiyalar və infrastrukturla təchiz olunub”, - nazir vurğulayıb.